Bəlkə də min kərə dolub-boşalıb,
Uzundur söhbəti-sözü dünyanın!
Vaxt olub insandan qisas da alıb,
Görün necə bozdur üzü dünyanın.
Uca zirvələrə qonan da bizik,
Eşqin atəşində yanan da bizik,
Qışın şaxtasında donan da bizik,
Xoş gəlir adama yazı dünyanın.
Ağır zərbəsindən ağlayan olub,
Çaylartək kükrəyən, çağlayan olub,
Taleyə min ümid bağlayan olub,
Sönməyib ürəkdə közü dünyanın.
Səni ağladan da, güldürən də o,
Hələ kam almamış öldürən də o,
Gözünün yaşını sildirən də o,
Baş açmır özündən özü dünyanın.
Çayları, gölləri, dənizləri var,
Dağları-dərəsi, gen düzləri var,
Qaranlıq gecəsi, gündüzləri var,
Çoxdur ürəyində sözü dünyanın.
Könüldən Vətənə vurğunlar gedib,
Yazıb-yaradanlar, yorğunlar gedib,
Böyük Nizamilər, Vurğunlar gedib,
Bəs haçan doyacaq gözü dünyanın?
Əli Vəkil, yaxşı yaşa illəri,
Ziynət elə ömrə, yaşa illəri,
Zəhmət ilə çatdır başa illəri,
Bəmdədir, zildədir sazı dünyanın!
1982