Ata nəsihəti

Böyümüsən, boyun boyumdan uca,
Artıq tamam olub on altı yaşın.
Xalqa xidmət elə ömrün boyunca,
Çoxalsın şöhrətin, ucalsın başın.

Qəlbimdən keçəni deməsəm olmaz,
Ata nəsihəti gərəkdir sənə.
El üçün yaşayan heç vaxt yorulmaz,
Öyüdüm havadır, çörəkdir sənə.

Ömrün uzun olsun, deyirəm, oğlum,
Müşfiq sənətinin ömürü qədər.
Yadından çıxarma qurbanın olum,
Vətən bir qaladır, sən sayıq əsgər.

Hələ bilməyirəm kim olacaqsan?
Həyatı, xalqını sev Müşfiq kimi.
Sən də vətəndaşsan, pasport alırsan,
Övladtək sevindir sən Vətənimi.

Sən qədəm qoyursan gəncliyə, oğlum,
Mən isə gənclikdən uzaqlaşıram.
Niyə kövrəlirəm, de, niyə, oğlum?
Atayam, yolunda dağlar aşıram.

Bir adla bir ölkə öyünə bilər,
Layiqli övlad ol, gözümün ilki.
İnsanı sınayır ötüşən illər,
«yaşamaq – yanmaqdır» – gülüş deyil ki.

Bayrağım rəngində pasport almısan,
Öz adın, öz yolun, öz ünvanın var.
Onu sən şərəflə daşımalısan,
Zirvədən-zirvəyə uzanır yollar.

El üçün qəlbini çevir məşələ,
Yaşat Müşfiqin də arzularını.
Əlində həmişə al bayraq elə,
Yurdun vüqarını, el vüqarını!

1981