Yenə də sovqat gəlib,
Gündüz sevinir yaman.
Tez-tez hədiyyə alır
Kənddəki babasından.
Qoyub masanın üstə
Bağlamanı açırlar.
Görürlər ki, içində
Kiçik bir məktub da var.
Uşağın ad gününə
Sor-sovqat göndəriblər.
Məktub yazıb nəvəni
Qəlbdən təbrik ediblər.
– Düzərsiniz süfrəyə
Armudları, almanı.
Söyləyin, kəndimizdə
Bizim nar tək nar hanı?
Şaftalıdan, üzümdən,
Nardan yesin nəvəmiz.
Bağ becərən babaya
– «Sağ ol!» desin nəvəmiz.
– Ata, ana bilirsiz,
Bu bağlama kimindir?
Baba, nənə töhfəsi,
Mənim ad günümündür.