Düşərgədə

Hamı şəndir düşərgədə,
Gəl-gəl deyir yaşıl çəmən.
Sükut çoxdan uçub gedib
Dərələrdən, meşələrdən.

Şənliyə qərq olub yenə,
Sıx meşələr, geniş düzlər.
Şeypurların səsi ilə
Salamlaşır hər gün səhər.

Bir-birindən gözəl keçir
Şən oyunlar, əyləncələr.
Gül balalar bu yerlərdən
Nələr yığır, görün nələr?

Sübh yağında ayağını
Şehlə yuyur onlar hər gün.
Təbiətin sirlərini
Sezir, duyur onlar hər gün.

Coşğun çayı seyrə dalır
Gülərüzlü bəstəkar qız.
Kiçik qəlbi daha böyük
Arzularla vurur yalnız.

Düşərgədə yaradıbdır
Biri «Bulaq» tablosunu.
Bəxş edəcək məktəbə o,
«Meşə», «Yaylaq» tablosunu.

Təzə mahnı bəstələnir,
Hekayə də yazan olur.
Nə sözünə yalan çıxan,
Nə əhdini pozan olur.

Burada şeir saatıdır,
Orda nəğmə dilə gəlir.
Təranələr, gülüş səsi
Qanadlanır, hey yüksəlir.