– Kim qoparıb, ay ana,
Budaqdan yarpaqları?
Səpələyib hər yana
Saralan yarpaqları?
– Külək qoparıb, qızım…
– Küləyin də əli var?
– Güclü əsəndə, quzum,
Ağacı da qoparar.
– Çoxlu yarpaq var idi
Axşam həyətdə, ana.
Gecə kim süpürübdür,
Daşıyıbdır hayana?
– Külək aparıb, bala,
Bu gecə əsən külək.
Bir bax həyətimizi
Təmizləyib insan tək.
– Qoy deməyək həyətə
Gələk kimmiş, nəçiymiş?
Külək həm yarpaq dərən,
Həm də süpürgəçiymiş.