Ana kədəri

Dnepropetrovsk vilayəti Tomakovski rayonunun Mixaylovsk kəndindəki uşaq evində tərbiyə alan 126 uşağı alman faşistləri 1942-ci il martın 8-də vəhşicəsinə güllələmişlər. Müxtəlif yaşlı, müxtəlif millətlərin övladları olan uşaqlara sizi başqa yerə aparırıq, deyə, yalan satmışlar. Onları zalım itlər və faşistlər müşayiət etmişlər.
Böyük Vətən Müharibəsinin iştirakçısı, heykəltəraş Qriqori Nikolayeviç Krapivkonun lahyihəsi əsasında uşaq evinin yerində xatirə abidəsi ucaldılıb.

Bu möhtəşəm abidəni
Ziyarətə gəlib ana.
Alnı, əli qırış-qırış,
Qar yağıbdır saçlarına.

Uşaqları güllələnən
Analardan biridir o.
Neçə ildir oğlu üçün
Ürəyini əridir o.

Sanki gəlib məzar üstə,
Xəyalından keçir nələr.
Hey közərir bala dərdi,
Unudulmur faciələr.

Ata-ana cəbhələrdə,
Dəhşətli gün, qadalı gün.
Ən isti bir yuva oldu
Uşaq evi Sergey üçün.

Budur, titrək əllərində
Gül gətirib dərdli ana.
Abidəni qucaqlamaq
Ehtiramdır övladına.

Səkkizi mart – bayram günü
Güllələnib oğlu burda.
İtirdiyi Sergeyini
Tapır yalnız yuxularda.

Ana gəlib cəlladlara
Nifrətini bildirməyə.
Gülməyibdir bir an üzü,
Qocalıbdır bala, – deyə.

Ana yetmişi adlamış,
Oğul altı yaşındadır.
Dərdli qəlbi abidənin
Mərmərində, daşındadır.

Altı yaşlı oğlan görür,
Sergey gəlir göz önünə.
Lənət deyir qanlı hərbə,
Lənət deyir dönə-dönə.

Necə gülsün yer üzündə
Bala dərdi görən ana?
Oğul dərdi hakim olub
Yaddaşına, varlığına.

Sifətini sürtür yenə,
Qucaqlayır buz daşları.
Yanağından diyirlənir
Oda dönmüş göz yaşları.

Göz yaşından bircə damla
Mərmər üstə düşür birdən.
Cansız mərmər dilə gəlir,
Söhbət açır o günlərdən.

Qatarlandı durna kimi
Yüz iyirmi altı uşaq.
Baş verəcək faciədən
Dilə gəldi ana torpaq.

Yüz iyirmi altı ürək
Döyünürdü aram-aram.
Ölüm dedi: – Diz çökün siz!
Həyat dedi: – Yox, susmaram!

Yüz iyirmi altı uşaq
İsinmişdi bir-birinə.
Onlar burda yaxın yoldaş,
Dost tapmışdı özlərinə.

Yüz iyirmi altı inam,
Yüz iyirmi altı istək!
Hər birisi qönçə idi,
Açacaqdı çiçək-çiçək.

Yüz iyirmi altı sevgi
Şölələnib güləcəydi.
Fəqət qönçə məhəbbətə
Neçə yerdən güllə dəydi.

Yüz iyirmi altı vüqar,
Gələcəkdə ata, ana.
Kim yetərdi belə anda
Balaların harayına?

Doğma idi hamısına
Uşaq evi – yuvaları.
Bura sanki pətək idi,
Uşaqlarsa arıları.

Anaların, nənələrin,
Xalaların bayramıydı.
Anaların qız övladı,
Balaların bayramıydı.

Axı Martın səkkiziydi,
Bahar ayı, bayram ayı.
Eşidildi uşaqların
Qışqırığı, hay-harayı.

Hər birini nişan alıb,
Avtomatdan tutdu əllər.
Elə bil ki, gülüstanda
Şaxta vurdu, soldu güllər.

Körpə qəlbi sönən zaman
Atəş açan ölməliydi.
Cəlladların göz önünə
Öz balası gəlməliydi.

Axı necə biz onlara
İnsan deyək, ata deyək?
Balaları məhv etdilər
Qana həris canavar tək.

Bilmirdilər nə deməkdir
Ata, ana nəvazişi.
Diş qıcadı üstlərinə
Neçə qatil, neçə vəhşi.

İtlər gəldi parçalasın,
Sığındılar bir-birinə.
Bu dəm baxmaq çətin idi
Cəlladların üzlərinə.

Milliyyəti, yaşı fərqli,
Arzuları, istəyi bir.
Anaların bayramında
Bu faciə, qırğın nədir?

Qaniçənlər, başkəsənlər
Uşaqlara yalan dedi.
Biri silah lüləsiylə,
Biri itlə hədələdi.

Uşaq evi – ana qoynu,
Yüz iyirmi altı insan.
Yetim adı bəxş etmişdi
Şəhidlərə onda dövran.

Yox, yox, yetim deyildilər,
Belə dedim axı, nədən?
Onlar üçün ata idi,
Ana idi doğma vətən.

Əzizləyib, bəslyirdi
Qucağında balasını.
Öz qoynunda, öz evində,
Ocağında balasını.

Bu yuvanı, bu ocağı
Uçururdu düşmən əli.
Sinələrə dağ çəkirdi
Unudulmaz, faciəli.

Əks olundu qulaqlarda
Güllələrin müdhiş səsi.
O günümün qışqırığı,
Sabahımın təntənəsi.

Qatillərdən qisas aldıq,
Çiçək olub siz gəldiniz.
Dan söküldü, göylər güldü,
Üfüqlərdə siz güldünüz.

Səkkizi mart bayramında
Balalarla şənləndiniz.
Analara töhfə verib,
Əllərini sıxdınız siz.

Hər arzunu, hər sevinci
Bizimlə bir daşıyırsız.
Zirvələrdən boylanırsız,
Ürəklərdə yaşayırsız.

Könülləri isindirən
Xoş əmələ çevrildiniz.
Ölməzliyin rəmzi olan
Tunc heykələ çevrildiniz.