(«Ramiz sənətinin sehri» poemasından)
Allah, məni məndən alır, bu çalğı,
Varlığımı oda salır bu çalğı,
Yaddaşıma hopur, qalır bu çalğı –
Dəniz dalğalanır, göl dilə gəlir.
Muğam dinlə, mahnı dinlə tarda sən,
Vurularsan bu elə sən, yurda sən,
Belə sənət harda gördün, harda sən?
Sönmüş ocaqlarda kül dilə gəlir.
Sevinc də var, kədər də var simlərdə,
Qəhrəmanlıq – «Cəngi» yaşar simmlərdə,
Məcnun dinər, Leyli ağlar simlərdə –
Barmaqlar tərpənir tel dilə gəlir.
Yadigardır, babalardan yadigar,
Mahallardan, obalardan yadigar,
Vuruşlardan, davalardan yadigar,
Fəsillər səslənir, il dilə gəlir.
Təranələr çağladıqca çağlayır,
Həsrət odu ürəkləri dağlayır,
Könülləri bir-birinə bağlayır,
Muğan dilə gəlir, Mil dilə gəlir.
Çalğı deyil, möcüzədir, möcüzə,
Sevinc, kədər bəxş eləyir tar bizə,
Sanki yüz yol yollanırsan Təbrizə –
O taylı, bu taylı el dilə gəlir.
Yarış, ustad, öz oğlunla yarış sən,
Belə fitkri istedadla barış sən,
Pərdələrdə, simdə odla barış sən –
Tarınla yamaclar, çöl dilə gəlir.
Bu çalğıdan məst olacaq çiçəklər,
Ovsunlanıb açılacaq çiçəklər,
Tar susanda tez solacaq çiçəklər –
Qönçələr əl çalır, gül dilə gəlir.
Muğamları çaldıqca, çal, ay Ramiz,
İlhamını bu eldən al, ay Ramiz,
Öz yoluna sən sadiq qal, ay Ramiz –
Bulaqlar, gur çaylar, sel dilə gəlir.
10 sentyabr 2001