Əli Vəkil
Əli Vəkil Ermənistanda doğulub, boya-başa çatmış şairlərimizdəndir. İndiyədək onun Yerevanda bir neçə şeirlər kitabı çapdan çıxmışdır.
Diqqətinizə təqdim etdiyimiz bu növbəti kitabında şair doğma Vətəni tərənnüm edir, müasirlərimizi səciyyələndirən əməksevərlik, səmimilik… və sair kimi keyfiyyətlərdən söhbət açır.
Mavzoleydə
İnsanların xilaskarı,
Məzlumların havadarı,
Kainatın bayraqdarı
Bir dahi var – o Lenindir.
İşgəncədən, fəlakətdən
Azad etmiş bu diyarı,
Əməlləri, eşqi ilə o bəşərin, o elindir!
Düşünərək yer üzünün taleyini
Mavzoleydə xəyallara dalıb yenə!
Fəqət bu şən ölkəmizdə,
Leninləşən ölkəmizdə
Min bir zəfər çalıb yenə!
Dalğalanan dəniz kimi
Coşur hər gün Qızıl Meydan!
Gör neçə xalq, neçə millət
Keçir onun qucağından!
İnsan gəlir qitələrdən
Öz borcunu vermək üçün!
Lenin adlı bir günəşi
Mavzoleydə görmək üçün!
Min həsrətlə, həyəcanla
Köksüm altda vurur ürək!
Tələsirlər, darıxırlar,
Qaranlıqda qalan insan
Al günəşə can atantək!
Burda növbə gözləyənlər
Donsalar da sərt şaxtadan,
Qorxmayırlar rus qışından!
Bu soyuqdan azalsa da
Bədənlərin hərarəti
Bilirlər ki, Mavzoleydə
Leninin saf məhəbbəti!
1977
Vətən məhəbbəti
Qulağı, gözü bağlı
dolandırsalar məni,
dünyanın hər yerində
sezə bilmərəm düzü,
mən bir özgə ölkəni.
Çatsam doğma Vətənə
bilərəm ki, mən onun
isti qucağındayam.
Göy gölün sahilində,
ya Kəpəz dağındayam.
Candan əziz yurdumu
dərk edər, duyaram mən.
Axı, körpə ananı
tanıyır nəfəsindən…
1975
Mübarək
Bakımızın Lenin ordeni alması münasibətilə
Fərəhdən ürəyim bir dağa döndü,
Yaman sevindirdi bu xəbər məni.
İlhamım dil açdı, qəlbim döyündü,
Günəş salamladı bu səhər məni!
Günəşli şəhərim, paytaxtım mənim!
Dünən azadlığı ilk salamladın.
Sənsən həm taleyim, həm baxtım mənim,
Könlümə əbədi yazılmış adın.
Bu orden döşündə nur yayacaqdır,
Qəlbində Leninin məhəbbəti var!
Günəştək əbədi parlayacaqdır.
İgidlər yurdudur bu qədim diyar.
Bu, şanlı Oktyabr hədiyyəsidir,
Xoş xəbər dalınca xoş xəbər gəlir.
Şəninə ucalan şadlıq səsidir,
Zəfərlər dalınca hey zəfər gəlir.
Təltifin mübarək, adın mübarək!
Ay Lenin ordenli şən Bakım mənim!
Bəzəyir qoynunu yenə gül-çiçək,
Bu gün alqışlayır səni Vətənim!
1978
Əbədiyyət
Mühüm xalq təsərrüfatı obyektlərindən birinin yaxınlığında baş vermiş yanğını söndürərkən həlak olmuş komsomolçu Ramiz Kərimova ithaf edirəm. O, ölümündən sonra Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.
Elimizdə, obamızda
Yenə söhbət səndən düşüb!
Doğulduğun ana kəndin,
Oxuduğun doğma məktəb
Həsrət çəkir, qəribsəyib,
Amma yolun gendən düşüb!
Çox düşündüm, fikrə daldım,
Sənə layiq söz axtardım!
Misraları alazlayan,
Misraları cilalayan
Alov gəzdim, köz axtardım!
Söz axtardım günəş dadlı,
Söz axtardım günəş odlu!
Ölməzliyin, igidliyin
O sözlərdə dilə gəlsin,
Ürəkləri isindirsin!
Arzuları,
Diləkləri isindirsin!
Söz axtardım!
Sən yandığın alovlarda
Bişmiş olsun!
Söz axtardım od mayalı,
Atəşlərə düşmüş olsun!
Söz axtardım!
Sənin kimi od oğlunun
Od qəlbindən axıb gəlsin!
Söz axtardım!
Saf ürəklə sevən qızın
Gözlərindən çaxıb gəlsin!
Söz axtardım
Babəkimin şöhrətini,
Nəsiminin qeyrətini,
Gərayımın cürətini,
Mərd Həzinin, mərd Mehdinin
Dildə gəzən qüdrətini
Göz önündə canlandırsın!
Könüllərdə qoy andırsın!
Kim deyir ki, qəhrəmanlıq
Yalnız ağır döyüşlərdə,
Vuruşlarda qazanılır?
El malını od-alovun
Pəncəsindən xilas etmək,
Bunu adi bir borc bilmək –
Qəhrəmanlıq!
Bir ömürün sönməsinə
Yol verməyib, özü ölmək! –
Qəhrəmanlıq!
Dünən adi bir gənc idin
Cərgəmizdə!
Hamı adi baxdı sənə,
Təəccüblü nə vardı ki,
Qeyri gözlə baxaq biz də?
Bu gün isə əfsanəsən,
Erkən getdin sıramızdan,
İyirmi dörd qış keçirdin,
İyirmi dörd yaz yaşadın!
Hamı bilsin bu dünyada
Ölməməkçün az yaşadın!
Sənə layiq söz axtardım!
Qoy ellərə çatdırsın ki,
Odlar yurdu, öyün yenə!
Od övladın alovlara
Mətanətlə sinə gərmiş!
Qoy eşitsin cahan bunu,
Od da odu söndürərmiş!
Kim deyir ki, Ramiz ölüb?
Ürəklərdə heykəli var,
Bunu xalqım bilir əlbət!
Ölməzlərin son mənzili,
Son ünvanı – əbədiyyət!
1977
Ata həsrəti
Kiyevdəki Baykovo qardaşlıq qəbiristanını gəzərkən.
Ağır sükut içindədir
Qəbristanlıq.
Ayağımı saxlayıram
Mən bir anlıq.
Başdaşları üzərində
Qızıl ulduz,
Bir də əsgər dəbilqəsi.
Qulağıma gəlir sanki
Bombaların müdhiş səsi.
Dolaşıram həyəcanla
Qəbristanı.
Dilsiz daşlar dilə gəlir:
– Məni tanı, məni tanı!
Ünvanları bilinməyən
Hər qəhrəman
El yolunda qoyubdu can!
Min arzuyla
Seyr edirəm hər bir qəbri.
Atamındır bəlkə biri?
Bəlkə qəlpə yenə durur
Yarasında?
Mürgüləyir daş məzarlar
Gül-çiçəyin arasında.
Vətənimi, torpağımı
Öz canından əziz sayan,
Neçə-neçə mərd qəhrəman
Cəbhələrdə bir vuruşdu,
Arzuları, əməlləri
Vahid oldu,
Haqq yolunda şahid oldu,
İnsan olan bu yerlərə
Baxa bilməz bir yad kimi,
Axtarıram mən atamı
Qəlbi təşnə övlad kimi.
İtkin ata niskilindən
Ürəyimin göynər başı.
Zənn edirəm öz atamın
heykəlidir,
Qarşımda hər məzar daşı!
Kiyev, 1974
Yaralı bina
Kiyevdə bir bina gördüm, –
Güllələrdən yaralanmış.
Təzə qalır yaraları,
O zamandan keçibsə də,
Otuz bahar, otuz da qış.
Əsibsə də sərt küləklər,
Yuyubsa da leysan yağış,
O günlərin atəşini,
O gündərin alovunu
Bu günədək unutmamış.
Kiyevdə bir bina gördüm,
Güllələrdən deşik-deşik.
Otuz ildir yaralıdır,
Otuz ildir görüşünə
Hər tərəfdən insan gəlir,
Zaman ona çəkir keşik.
Kiyevdə bir bina vardır,
Güllələrdən deşik-deşik.
O güllələr açılan vaxt
O dəhşətli, ağır vaxt
Yer üzündə doğulanlar
İndi otuz yaşındadır.
Keçibsə də neçə illər,
Mərmilərin dərin izi,
Güllələrin barıt iyi,
Bu binanın kərpicində,
Bu binanın daşındadır.
Dili yoxdur öz dərdini
İnsanlara söyləməyə!
Yoxdur dili ürəyinin
Acısını açıb deyə!
Car çəkə ki, milyonların,
Şəhidlərin, qurbanların
Yarasıdır
Sinəmdəki güllə izi…
Danışammır bina amma,
Susur sakit, susur nəmli,
Daşa dönüb səsi, sözü…
Kiyevdə bir bina gördüm,
Döyüşlərə sinə gərib,
Vuruşlarda durub mətin.
Qəlbindəki o yaralar
Təkcə onun yarası yox,
Yarasıdır bir millətin!
9 avqust 1974
Xam torpaq
İnsan əməyini duymaq istəsən
Bu ümman üzlərə, xam torpağa gəl.
Buğdanın ətrindən doymaq istəsən,
Dolan zəmiləri biçindən əvvəl.
Yetişib, boynunu bükübdür sünbül,
Qızılı dəryadır elə bil zəmi.
Bu yerdə hər anın qədrini sən bil,
Gəzir şöhrətimiz bütün aləmi.
Yüklü maşınların karvanı gedir,
Kəhrəba buğdanı daşıyır onlar.
Görənlər deyir ki, bu əfsanədir,
Bol çörək naminə burda yarış var.
Yenə kombaynlar cərgələnibdir,
Zəmilər sulanıb alın tərilə.
Çöllərə bərəkət, nur ələnibdir,
Günəş də salamlar şəfəqlərilə.
Sünbül xışıltısı dönür nəğməyə,
Zəmilər küləklə daranıb burda,
Bütün əsrlərdə səslənsin deyə,
«Xam torpaq» – sözləri yaranıb burda.
Çevrilib laylaya qulağımızda,
Çörəkdi, nemətdi, qızıldı bu söz.
Xoş bir təranədir dodağımızda,
Əsrin yaddaşına yazıldı bu söz!..
Qazaxıstan SSR,
Kustanay vilayəti, 1957
Tonqal
Gənclər dövrə vurubdur,
Tonqala bax, tonqala.
Adamdan da ucadır
Alov dili az qala!
Onu dostluq rəmzitək
Qalamışıq biz yenə.
Ürəklər də qərq olur
İşığın şöləsinə.
Hamı şəndir yenə də
Deyir, gülür, danışır.
Zəmilərin məhsulu
Bu odlu tonqal kimi,
Tükənmir, aşıb-daşır.
Geniş düzlər dənizsə,
Kombaynlar gəmidir.
Gaz mühərrik səsləri,
Gah da nəğmə yüksəlir.
Söhbətə bax, sözə bax!
Baxışa bax, gözə bax!
Alıb bizi qoynuna
Qazaxıstan çölləri!
Söz açıbdır dostluqdan
Özbək, latış, erməni.
Səmimiyyət, qardaşlıq
Məftun eyləyir məni!
Bakıdan, Frunzedən,
Kiyevdən deyənə bax!
Şəhərlərin adları
Dildə gəzir yenə, bax!
Vətənin igid oğlu,
Gözəl, qəhrəman qızı,
Sizsiniz bu yerlərin
Parlaq ayı, ulduzu!
Oturmuş bir dəstə gənc
Bizdən xeyli aralı.
Oxuyur kimsə orda
«Azərbaycan maralı».
Gənclər dövr vurubdur,
Tonqala bax, tonqala.
Adamdan da ucadır,
Alov dili az qala!
Kustanay vilayəti,
Batalin sovxozu, 1957
Şeirim
Sən ki, qolum-qanadımsan,
Göz dağı ol yada, şeirim!
Həm şöhrətim, həm adımsan,
Düşməlisən yada, şeirim!
Məşəl kimi yana-yana,
Qanadlanıb uç hər yana,
Nəzər yetir bu cahana,
Fəqət düşmə oda, şeirim!
Göyərçintək süzə-süzə,
İşıq payla sən hər gözə,
Darda qalmış bir gücsüzə
Kömək ol dünyada, şeirim!
Həyat gülsün, gözlər gülsün,
Dumanlaşmış üzlər gülsün,
Misra gülsün, sözlər gülsün,
Ürəklərə qida, şeirim.
Zərbə endir zalımlara,
Qoyma kimsə düşsün dara,
Buludları yara-yara
Dön şimşəyə, oda, şeirim!
1979
Salam, Nəsimi baba!
Belorusiya Yazıçılar İttifaqında Nəsiminin böyük portreti asılmışdı.
Özün harda edam oldun,
Gör şəklini harda gördüm?
Azərbaycan torpağından
Xeyli uzaqlarda gördüm.
Yenilməzlik rəmzi kimi,
Sərhədləri keçən də sən!
Arzu kimi, xəyal kimi,
Ürəklərə köçən də sən.
Dost diyarda salamlaşdıq,
Fərəhimdən qanadlandım,
Söhbət etdik, könül açdıq,
Həsrətindən oda yandım.
İnsanlara arxalandım.
Sən onları allah saydın.
Tariximdə bir səhifə
Boş qalardı olmasaydın!
Bir gör hara gəlib çıxdın,
Bir gör harda görüşdük biz?
Bu yerlərdən çox uzaqdır,
Şən Bakımız, Xəzərimiz.
Ölməzliyə qovuşmusan,
Yad ölkədə, Hələbdə sən.
Belorusiya torpağında
Şəkillərin asılıbdır
Neçə yerdən!
İndi özün ürəklərdə
Abidəyə çevrilmisən!
Gözün aydın, ay Nəsimi
Babam mənim!
Gözün aydın, iftixarım…
Gözün aydın, elim mənim,
Obam mənim!
Salam verdim sənə burda,
Elə bildim Kəpəzimin
Zirvəsində dayanmışam.
Azərbaycan günəşinin
Şəfəqinə boyanmışam.
Salam verdim sənə burda,
Gəlib keçdi ürəyimdən
Dəliqanlı Kürüm mənim!
Dalğalandı göz önümdə
Araz çayım – qibləgahım,
Pirim mənim!
Salam verdim sənə burda,
Axdı şeirin varlığıma,
Ləpələndi Xəzər kimi!
Gecələr də işıqlandı,
Şölələndi səhər kimi!
Minsk, 1975
Ana laylası
Bir ana oyaqdır, dilində layla,
Gözlər qapansa da tab gətirər o.
İsti yatağında uyurur bala,
Totuq körpəsinə göz yetirir o.
Bir ana oyaqdır bu lal gecədə,
O, şirin yuxuya qalib gəlibdir.
Sakit mürgüləyir səssiz gecə də,
Anasa nə yatıb, nə dincəlibdir.
Bir əsgər oyaqdır sərhəddə bu gün,
Doğma Vətənimin keşiyindədir.
Gənc ana qorxmayır körpəsi üçün,
O azad ölkədə, beşiyindədir.
Necə mışıl-mışıl yatıbdır uşaq,
Nə qədər çox sevir gör onu ana.
Böyüdür gecələr qalaraq oyaq,
Sabahkı sərhədçi oğlunu ana!
14 sentyabr 1975
Balalar
Anaların köksündə
Döyünən saf ürəkdir.
Könüllərin ilhamı,
Xoş arzudur, diləkdir,
Dünyanın bu günüdür,
Uğurlu gələcəkdir
Qeyrətimiz, gücümüz,
Vüqarımız, balalar.
Günəşli gündüzümüz,
Baharımız, balalar.
Şirin gülüşlərindən
Ürəklər dilə gələr.
Uşaqları bu ellər
Ən böyük arxa bilər.
Gələcəyə zillənən
Gözümüzdür balalar.
Ən sevimli mahnımız,
Sözümüzdür balalar!
26 may 1975
Gəlir
Bu yeni körpəyə alqış deyin, siz!
İşıqlı dünyaya bir insan gəlir.
Gənc ata, gənc ana, gülsün qəlbiniz,
Nə fərqi qız gəlir, ya oğlan gəlir?
İnsanlıq fəxr edib öyünsün bu gün,
Adlar sırasına yeni ad gəlir.
Doğma Vətən üçün, cəmiyyət üçün,
Təzə övlad gəlir, istedad gəlir.
Sevinsin nənələr, xoşbəxt babalar,
Qönçə şəkilində məhəbbət gəlir!
Onun sabahına töhfədir bahar,
Bir qeyrət doğulur, cəsarət gəlir!
Təkcə uşaq gəlmir bu gün dünyaya,
Bir ata çoxalır, bir ana gəlir!
Kaş şöhrət olaydı bütün dünyaya,
O, bağlı boxçadır, cahana gəlir.
Artacaq həyatda bir toy, bir düyün,
Ana fərəhlənir: – İlk gülüm gəlir!
Dilə gələcəkdir «Vağzalı» bir gün,
Kimsə söyləsin ki, sevgilim gəlir!..
1977
Qağayılar
Neyt daşlarında 600 nəfərdən çox qadın çalışır
Xəzərimin sinəsində,
Maviliklər qucağında
Əfsanəvi bir şəhər var!
Gecə-gündüz başı üstə
Qanad çalar, dövrə vurar
Qağayılar!
Zəhmətilə bu şəhərə
Şöhrət olan altı yüz ağ qağayım var!
Neft daşları!
Sakinləri qorxmaz, mətin.
Keşiyində dayanıblar
Səadətin, məhəbbətin!
Hər birinin ilqarı düz,
Əhdi düzdür!
Xəzər üstə ömür sürən,
Kişilərlə bir çalışan
Mərd qadınlar altı yüzdü!
Analar var
Laylasına musiqini
Mavi Xəzər bəstələyir!
Hünərinə, qeyrətinə
Azərbaycan alqış deyir,
El baş əyir!
Qızlar vardır…
İlk görüşə çıxan zaman
Nəğməsini dalğa çalır.
O gözəlin ürəyini dinlədikcə
Coşan dəniz susur bir an,
Fikrə dalır!
Göy sularda lbvbər salan
Bəstilərin, tərlanların,
Sevillərin bacısıdır,
Anasıdır!
Azərbaycan torpağının
Yenilməyən, mərd, qeyrətli
Sonasıdır!
1978
Poladəritmə sexində
Burda əriyir filiz,
Burda qaynayır həyat!
Fəhlə inamı möhkəm,
Qabarlı əllər polad!
Bu sobada közərən
Sizin saf məhəbbətin
Atəşidir, odudur!
Gözləri qamaşdıran
Günəşdən götürülmüş
Bir ovuc alovmudur?
Durub seyr edirəm mən,
Bu polad iradəli
Poladəridənləri!
Fəhlə iftixarını
Öz həyat yollarında
Al bayraq edənləri!
Poladla əlləşiblər
Poladlaşıb bədənlər!
Mətinləşib, bərkiyib,
Lap odlaşıb bədənlər!
Ürəkləri ipəktək,
Biləklər polad kimi!
Əzələlər əyilməz,
Kürəklər polad kimi!
Əllərini sıxanda
Möhkəmləndi əllərim!
Dilə gəldi könlümdə
Xoş arzum, əməllərim!
Yanır domna sobası,
İnsan burda sərtliyin
Basıb, qəddini əyir!
Polad axır su kimi,
Fəqət fəhlə qayəsi
Poladlaşır, bərkiyir!
1978
Bənna
Ucaltdığın binanın
Çox keçmişəm önündən.
O böyük sənətinlə
Daim fəxr edirəm mən.
Özün də yüksəlirsən
Bu evlərlə bərabər.
Günəş öpür alnından
İş üstündə hər səhər.
Zəhmətdən nişanədir
Əlindəki o qabar.
Nəsillərə hədiyyə
Neçə yadigarın var.
Əsərindir binalar,
Cərgələr misraların.
Sən də bir ustadısan
Bizim doğma diyarın.
Üşüsən də dözürsən
Hər soyuğa, küləyə.
Bu evlərdə körpələr
Sabah qızınsın deyə.
1977
Qız qalası
Bakımızda bir qala var,
Qalalardan baş qaladır.
Özündə çox sirr saxlamış,
Daş abidə, daş qaladır.
Bakımızda bir qala var,
Tarixlərdən yadigardır.
Hər daşında əcdadımın
Gələcəyə sözü vardır.
Bakımızda bir qala var,
Hər qalaya tay deyildir.
O, Xəzərə keşik çəkir,
Neçə əsr, neçə ildir.
Salamlayır al günəşi,
Qəhrəmanlıq qalasıdır.
Nəsillərdən-nəsillərə
O, yadigar qalasıdır.
1973
Bahar duyğuları
Bahardır, torpağa nur ələnibdir,
Dağda bənövşəni saymağa gəl, sən.
Gözəllik hər yana səpələnibdir,
Ondan ilham alıb, doymağa gəl, sən.
Yurdum gözəl olur hər bahar çağı,
Yanır ürəklərdə eşqin çırağı,
Qoşqar, Kəpəz, Murov, bir də Şah dağı,
Sərin bulaqlara, oymağa gəl sən.
Hara ayaq bassan hörmət görərsən,
Sədaqət, mətanət, qeyrət görərsən,
Babəklər yurdunda cürət görərsən,
Odlar ölkəsini duymağa gəl, sən.
Dünyada hər şeydən əzizdir qonaq,
Torpağın ətrindən olarmı doymaq?
Varlı süfrələrdə yeməkdən qabaq
Beçənin balına, qaymağa gəl, sən.
Dolandım Şirvanı, Mildən doymadım,
Çiçəkdən doymadım, güldən doymadım,
Canımdır bu Vətən, eldən doymadım,
Qəlbini bu yerdə qoymağa gəl, sən.
1975
Təbiət
Anamdı, boynuna dolanıb qolum,
Səyyaham, dağlara düşübdür yolum.
Yamyaşıl meşədir sağımla, solum,
Anatək laylamı çalır təbiət.
Şirvan xasiyyətli, Muğan könüllü,
Dolan bu yerləri, dolan könüllü,
İylə hər çiçəyi, qoxla hər gülü,
Ağlını başından alır təbiət.
Sevinc piyaləmə – Göy gölümə bax,
Onu seyr etməkdən olarmı doymaq?
Vəsf elə yurdumu sən oymaq-oymaq,
Gör necə səfalı olur təbiət.
Doldur buz bulaqdan piyaləni sən,
Dinlə şən quşları, şəlaləni sən,
Dəstələ nərgizi, həm laləni sən,
Bəzən xəyala da dalır təbiətö
Turacların nəğməsinə qulaq as,
Bulaqların şən səsinə qulaq as,
Göy Xəzərin nəfəsinə qulaq as,
Qolunu boynuna salır təbiət.
Onun da qəlbi var, insandı sanki,
Dərdlərə dərmandı, loğmandı sanki,
Ellərə arxadı, həyandı sanki,
Qəlbində yadigar qalır təbiət.
1978
Səhər nəğməkarları
Quşlar səhərlərin nəğməkarıdır,
Könüllər açılar xoş ləhcəsindən…
Quşlar səhərlərin nəğməkarıdır,
Doya bilməyirsən cəhcəhəsindən!
Quşlar səhərlərin nəğməkarıdır,
Açar gözlərini dan söküləndə!
Quşlar qanadında nəğmə daşıyar,
Dinər ürəkləri günəş güləndə!
Quşların səsinə qərq olar çəmən!
Nəğmədən yamaclar, çöllər oyanar!
Göylərə ucalan şən səslərindən
Çiçəklər oyanar, güllər oyanar!
Obaşdan verərlər onlar səs-səsə,
Quşların nəğmədən başqa nəyi var?
Deyirəm, quşun da insanlar kimi
Sükuta dalmağı, qəmlənməyi var!
Quşlar da insana bənzər həyatda,
Sevincdən oxuyub, dərddən ağlayar.
Zalım bir ovçunu görən saatda,
Kədər çağlayar, qəmi çağlayar!
Quşlar səhərlərin nəğməkarıdır,
Hər səhər qoşarlar günəş nəğməsi!
Quşlar meşələrin dostu, yarıdır,
Dağlara can verər quşların səsi!
Kaş ki, quş dilini anlayaydım mən, –
Biləydim səsinin nə hikməti var.
Bəzən bir quşcuğaz nəğməsiylə də
Bir böyük dünyanı anlamaq olar!
Quşlar səhərlərin nəğməkarıdır,
Könüllər açılar xoş ləhcəsindən…
Quşlar səhərlərin nəğməkarıdır,
Doya bilməyirsən cəhcəhəsindən!
1977
Səndən ayrı
Ömür-gün yoldaşım Göyərçinə!
Təbəssümlü üzlər də,
Dəniz də var bu yerdə!
Nəğməsini oxuyur
Şən dalğalar bu yerdə!
İnsanlar gülər üzlü,
Qonaqpərvər, mehriban.
Riqa səhərlərini
Unutmazsan heç zaman!
Gülüşlər könül oxşar,
Baxışlar da gözəldi!
Bol məhsullu payız da,
İlk bahar da gözəldi.
Könüllərdə məhəbbət,
Gözlərdəsə ovsun var.
Baxsan gözəl bir qıza
Dərhal səni ovsunlar.
O gözlərin odunda
Alışarsan, yanarsan.
O gözlərdə sevgini
Sönmüş deyil, yanar san.
Məst eyləyib bu yerdə
Güllərin ətri məni!
Qoruyubdur günəşdən
Ağacın çətri məni!
Baltiklə salamlaşıb,
Görüşməyə gəlmişəm.
Amma bilmirəm niyə
Bu qədər kövrəlmişəm?
Çıxmayacaq yadımdan
Nə bu şəhər, nə sahil!
Vurulmuşam dənizə,
Lakin… Xəzərim deyil!
Tarım simə bənzəyir
Bu gün yenə də qəlbim.
Səndən qeyri ruhumu
Kim oxşayar, söylə kim?
Nə qədər gözlər görsəm,
Gözlərinə tay deyil.
Eşitdiyim xoş sözlər,
Sözlərinə tay deyil!
Kaş olaydın yanımda,
Baltiki seyr edəydik.
Gülüşünə bülənib,
Burda qoşa gedəydik.
Qəlbimi oxşamağa
Sənin xoş səsin gərək.
Nəğməmi canlandıran
İsti nəfəsin gərək!
Bilirsənmi bu səhər
Darıxmışam, nə üçün?
Əllərimə qonmayıb
Ağ əllərin, Göyərçin!..
Riqa, 1977
Ay qız
Çiçəksən, çiçək,
Susmaq nə gərək?
Şad olur ürək,
Hərdən qanrılıb
Baxanda, ay qız,
Qəlbimi oda
Yaxanda, ay qız!
Tək səni andım,
Pozulmaz andım.
Oduna yandım
Dönüb naz ilə
Gələndə, ay qız,
Ala gözündən
Güləndə, ay qız!
Eşqin əzəli,
Duzlu, məzəli,
Ellər gözəli…
Məhəbbətimi
Duyansan, ay qız,
Sevən könlümə
Həyansan, ay qız!..
1975
Niyə baxdın?
Kuüçəmizdə yenə də
Səninlə qarşılaşdım.
Özüm də hiss etmədən
Bilmirəm niyə çaşdım?
Mənə elə gəldi ki,
Burdan günəş ötüşdü.
Onun şəfəqlərindəq
Qəlbimə çınqı düşdü.
O atəşlə isinir,
O atəşlə yanıram.
Gözlərini düşünüb,
Baxışını anıram…
1974
Qısqanıram
Eşq oduna yanır ürək,
Gül üzünü hey anıram.
Ay ətirli əlvan çiçək,
Səni səndən qısqanıram.
Saçlarının xoş ətrini
Göy çəməndən qısqanıram.
Gözlərini mavi göydən,
Bir də çəndən qısqanıram.
Qorxuram ki, gözlərindən
Ayla ulduz şəfəq alar.
Surətini köpüklü çay,
Ayna bulaq oğurlayar.
Əksin qalar çeşmələrdə,
Səni çaydan, bulaqlardan,
Mavi göldən qısqanıram,
Aydan-ildən qısqanıram!
Yaşayırsan könlümdə sən,
Qeyrisində yoxdur yerim.
Xəyalımda, könlümdəsən,
Gözəlisən gözəllərin!
Səni doğma təbiətin
Özündən də qısqanıram,
Al günəşin tellərindən,
Gözündən də qısqanıram!
1977
MÜNDƏRİCAT
Mavzoleydə…………………………………………………………………….………..2
Vətən məhəbbəti……………………………………………………………………….3
Mübarək…………………………………………………………………………….……4
Əbədiyyət…………………………………………………………………………..…….5
Ata həsrəti………………………………………………………………………….……7
Yaralı bina………………………………………………………………………………9
Xam torpaq…………………………………………………………………………….11
Tonqal…………………………………………………………………..…………….…12
Şeirim…………………………………………………………………………….………14
Salam, Nəsimi baba…………………………………………………………….….15
Ana laylası……………………………………………………………….…………….17
Balalar…………………………………………………………………….…….………18
Gəlir……………………………………………………………………….……..………19
Qağayılar…………………………………………………………….…………………20
Poladəritmə sexində…………………………………………..……………………21
Bənna………………………………………………………………………….…..…….22
Qız qalası………………………………………………………………………….….…23
Bahar duyğuları…………………………………………………………………..….24
Təbiət………………………………………………………………………………………25
Səhər nəğməkarları……………………………………………………….…..……..26
Səndən ayrı……………………………………………………………….………….…27
Ay qız…………………………………………………………………………….…..…..29
Niyə baxdın? …………………………………………………………………………..30
Qısqanıram…………………………………………………………………….……….31