Söz yaraşır sənin gül camalına,
Məlakəsən, sədaqətli sevgilim.
Süd verib döşündən müqəddəs ana,
Məlakəsən, sədaqətli sevgilim.
Atmalıydım mən həsrətin daşını,
Heç görməyim kaş gözünün yaşını,
Seçmişəm sənintək qəlb sirdaşını,
Məlakəsən, sədaqətli sevgilim.
Səndə olan ülviyyətə məftunam,
Təmiz eşqə, məhəbbətə məftunam,
Ürəyində xoş niyyətə məftunam,
Məlakəsən, sədaqətli sevgilim.
Sən hamıdan mehribansan, mehriban,
Kaş ki, sənə bənzəyəydi hər insan,
Təkcə sənsən sevən kölümdə mehman,
Məlakəsən, sədaqətli sevgilim.
Tut əlimdən nəğmələri yazdır sən,
Saf məhəbbət dünyasında azdır, sən,
Hər sözümü ürəyində gəzdir, sən,
Məlakəsən, sədaqətli sevgilim.
Sevən qəlbdə sənin rahat yerin var,
Bilirəm ki, qayğın, dərdi-sərin var,
Hərdən mənə deyəcəyin sirrin var,
Məlakəsən, sədaqətli sevgilim.
Əli Vəkil sözdən ilham alandı,
Misraları yaddaşlarda qalandı,
Nəğmədən savayı hər şey yalandı,
Məlakəsən, sədaqətli sevgilim.
21 oktyabr 2000