Gülüm, dünən gəzdik qoşa,
Dəniz dindi daşa-daşa,
İlham gələ, ürək coşa
Bizim sahildə-sahildə.
Yad edbirəm çöhrəni mən,
Necə unudum səni mən?
Nəğmə süzüldü dilimdən
Sözüm sahildə-sahildə.
Can eşidib, can demişik,
Var olsun peyman, demişik,
Bu sözü pünhan demişik,
İzim sahildə-sahildə.
Gün də həmin günlü, gülüm,
Sevən könlüm dindi, gülüm,
Razı olma indi, gülüm,
Azım sahildə-sahildə.
Əlimdə çiçək dolaşım,
Eşqim güləcək, dolaşım,
Rəvadırmı tək dolaşım,
Gəzim sahildə-sahildə?
Hər şeyi sezdim burada,
Kim deyir bezdim burada?
Arxanca gəzdim burada –
Gözüm sahildə-sahildə.