Allah, Allah, necə məxluq, necə candı bu gözəl qız

Allah, Allah, necə məxluq, necə candı bu gözəl qız,
Göydən enmiş ilahədi, can alandı bu gözəl qız.

Görən deyir bir də baxım elin ilahi gözəli,
Baxışlardan ürəkləri oxuyandı bu gözəl qız.

Gülüşləri, naz-qəmzəsi oda yaxır könülləri,
Sevən qəlbə həm məlhəmdi, həm loğmandı bu gözəl qız.

Səni məftun eyləyəcək dərin ağlı, düşüncəsi,
Səhər vaxtı doğan Günəş, qızıl dandı bu gözəl qız.

Könül verib sevmək istər, arzuları təzə-tərdir,
Hərdən dalıb xəyallara nələr andı bu gözəl qız?

Eşq əhlinə töhfədir o, sevib bəxtəvər olacaq,
Düz ilqarı, təmiz qəlbi anlayandı bu gözəl qız.

Əli Vəkil, qələm götür, nəğmə yarat onun üçün,
İlhamına qanad verən şux tərlandı bu gözəl qız.

7.12.1995