Ey məh, durub gəlsən bizə, dünya dağılmaz, dağılmaz,
Gülüş dolar evimizə, dünya dağılmaz, dağılmaz.
Söz salarıq məhəbbətdən, söhbət edər baxışımız,
Vurularsan şeirə, sözə, dünya dağılmaz, dağılmaz.
Ürəyimdə sözüm çoxdur, həmsöhbətim sən olaydın,
Əgər dayansaq üz-üzə, dünya dağılmaz, dağılmaz.
Əsir edib hicran məni, dözəmmirəm intizara,
Bir də baxsam ala gözə, dünya dağılmaz, dağılmaz.
Hər baxışın, şən gülüşün məni məndən alar, gülüm,
Öyrəşərəm işvə-naza, dünya dağılmaz, dağılmaz.
Biz Adəmin övladları məhəbbətdən güc alırıq,
Sev, ümid ver, ömrü bəzə, dünya dağılmaz, dağılmaz.
Əli Vəkil fəxr eləyir, sənin kimi sevəni var,
Sadiq qalsan əhdimizə, dünya dağılmaz, dağılmaz.
28 mart 2003