İşarədən mətləbi qanan varsa nə dərdim

Hər gün məni yad edib anan varsa nə dərdim,
İşarədən mətləbi qanan varsa nə dərdim.

Çoxdur gülərüzlülər, mənə sadiq yar gərək,
Məhəbbətin oduna yanan varsa nə dərdim.

Gözəllər çox dünyada, mənən gözəl yar hanı?
Üzü, gözləri gülər canan varsa nə dərdim.

Bu misralar yazılıb nazlı yarın eşqinə,
Bağda gül budağına qonan varsa nə dərdim.

Nəğmə vurğunu çoxdur, yazıb-yaratmaq gərək,
Nəğməmi din-imanı sanan varsa nə dərdim.

Sözləri ünvanladım sədaqətli insana,
Həyəcandan, həsrətdən donan varsa nə dərdim.

Həqiqi məhəbbətin yolçuları aşiqlər,
Əli Vəkil adında Sənan varsa nə dərdim.

12.08.2002