Könül verdiyin aşiqin qədrini sən bil, gözəlim,
Kədərlənmə, qəm yemə, bir ürəkdən gül, gözəlim.
Mələklərə bacısan, ilahi göylər qızısan,
Gəl insafa, göz yaşımı əllərinlə sil, gözəlim.
Dərdlərimin dərmanı ol, yerin vardır ürəyimdə,
Tellərindən ətir alıb yazda açan gül, gözəlim.
Camalına heyran olur səni görən hər insan,
Ömrün təzə-tər qalacaq ötsə də yüz il, gözəlim.
Zaman verir öz hökmünü, sevib-sevilir insanlar,
Zərifdən də zərifsən, de necə çəkim əl, gözəlim?
İncə, həssas ürəyin var, sən layiqsən məhəbbətə,
Lal edirsən eşq əhlini, nəğmə deyir dil, gözəlim.
Əli Vəkil doymur, inan, dünyamızda gözəllikdən,
Sən yubanma, görüşünə hamıdan tez gəl, gözəlim.
11 may 2002