Xoş günlərin öndədir, qəlbində var köz hələ

Bel bağlayıb bəxtinə, ay qız, tablaş, döz hələ,
Xoş günlərin öndədir, qəlbində var köz hələ.

Gözəlliyin möcüzə, bir kimsəni sevmirsən,
Məhəbbətdən nədənsə salmayırsan söz hələ.

Tanrım köməyin olsun, yaşayırsan ümidlə,
Gözlə, sevda yolunda əriməyib buz hələ.

Kiminsə nazlı yarı olacaqsan haçansa,
Min həsrətlə, inamla axtar hələ, gəz hələ.

Öz yolunu seç görək, nə olacaq qismətin?
Lalə, nərgiz, bənövşə, tər çiçəkdən üz hələ.

Mehriban, gülərüzlü tanısınlar qoy səni,
Bağdan dərib gülləri saçlarına düz hələ.

Bəxt üstündə oturan taxt üstündə oturar,
Əli Vəkil, sevgidən az yazmısan, az hələ.

5 may 2003