Yolunda gözüm qalıbdır, yoluna qurban mən olum,
Əllərin dəysin əlimə, əlinə qurban mən olum.
Gəl əyləşək biz üz-üzə, söhbət açaq gələcəkdən,
Yenə dil-dil öt yanımda, dilinə qurban mən olum.
Sənə yaraşır libasın, beldə kəmərin nə gözəl,
Oxşadığım, daradığım telinə qurban mən olum.
Doğulmusan xoş saatda, gözəlliyin timsalısan,
Elin ilahi gözəli, elinə qurban mən olum.
Olaq Kəpəzin qonağı, Göy göldə qalsın əksimiz,
Dağlar qoynunda uyuyan gölünə qurban mən olum.
Bir də gəzək yaylaqları, yamaclardan güllər dərək,
Şeh qonubdur çiçəklərə, gülünə qurban mən olum.
Əli Vəkil gör haçandan gəlişinin həsrətində –
Gəl görüşək, qucaqlaşaq, belinə qurban mən olum.
18.08.2002