Daşı töküb ətəyindən cananım olsan, nə olar?

Daşı töküb ətəyindən cananım olsan, nə olar?
Məramımı, mətləbimi qananım olsan, nə olar?

Sevənlərin ürəkləri bir ahənglə vursun gərək,
Sən halıma, əhvalıma yananım olsan, nə olar?

Var-dövlətə gül olma gəl, deyiblər ki, əl çirkidi,
Əhdimizi yad eləyib, ananım olsan, nə olar?

Bahar çağı bülbül gülün dövrəsində cəh-cəh vurur,
Uçub eşqin bağçasına qonanım olsan, nə olar?

Sənsizliyə sinə gərib, həsrətindən odlananda,
Gülüm, dönüb gəlsən bizə, mehmanım olsan, nə olar?

Adın dilimdə əzbərdi, xəyalımda canlanırsan,
Sən ürəyim, sən həyatım, sən canım olsan, nə olar?

Əli Vəkil söz ovçusu, əzəl gündən doymur ondan,
Sədaqətli nazlı yarım, gümanım olsan, nə olar?

6 aprel 2003