Gəl yolunu gendən salma, dözmək olmur, yar, mənə bax,
Əgər pozsan öz əhdini, sevinər əğyar, mənə bax.
İlqarına sadiq qalsın məhəbbətə layiq kəslər,
Gül çöhrəni görəmməsəm qəlbim sızlayar, mənə bax.
Həsrətindən sevən qəlbim qəfəsdə quşdur elə bil,
Qoy səninlə evimizə gəlsin ilk bahar, mənə bax.
Dolaşıram yana-yana, tənha deyil, səninləyəm,
Arzum budur heç yormasın bizi bu yollar, mənə bax.
Bilirsən ki, eşqimizə çoxdur qibtə edənlər də,
Bu sevdada ulu Tanrı olsun bizə yar, mənə bax.
Qürbət elə düşsə yolun, ayrı salsa bizi dövran,
Qəm eləmə, öndə görüş, öndə vüsal var, mənə bax.
Əli Vəkil həqiqətin, ədalətin vurğunudur,
Qəlbdən sevsən bu dünyada olar bəxtiyar, mənə bax.
11 may 2002