Sevib aşiq olanlar quştək qanad açsın gərək,
Büllur eşqin göylərində bir də uçsun, uçsun gərək.
Sadiqlərin məhəbbəti örnək olur insanlara,
Könül verib candan sevən canından da keçsin gərək.
Ürəyi bir don geyinsin, hər gülün üstə qonmasın,
Səadətin şərbətini nuş eyləyib içsin gərək.
Məcnun kimi sevə bilsə bu cahanda öz yarını,
Yar diləyən ürəyinin qapısını açsın gərək.
Könüllərdə yer tapıbdır eşqi-məhəbbət dastanları,
Əhdinə sadiq aşiqlər ən doğru yol seçsin gərək.
Eşq əhlinə dəllal olmaq yaraşmayır bu cahanda,
Sevib vurğun olan aşiq alovdan don biçsin gərək.
Əli Vəkil, gəl unutma bir qonaqsan yer üzündə,
Yer övladı qəlbində saf məhəbbət köçsun gərək.
12 may 2002