Fəsillərin içində ilk baharın vurğunuyam,
Sədaqətli, ləyaqətli insanların vurğunuyam.
Səfərlərə yollanıram, ölkələrə düşür yolum,
Odlar yurdu vuran qəlbim, bu diyarın vurğunuyam.
Şuşam gedib, Göyçəm gedib, Qarabağım yad əlində,
Çəmənlərin, yaylaqların, bulaqların vurğunuyam.
Göy gölümü ürəyimdə gəzdirirəm könül doymur,
İldən-ilə zirvələrdə qalan qarın vurğunuyam.
Alagöllər, Sarınərim, Sarıyerim, Murov hanı,
Gur çayların, göllərimin, irmaqların vurğunuyam.
Göyçə gölü səslər məni, Murğuz yaman qaşqabaqlı,
Bağda barın, qızıl xallı balıqların vurğunuyam.
Əli Vəkil Ağdam deyib, Laçın deyib sızlayacaq,
Qalib gələn komandanın, xilaskarın vurğunuyam.
12 aprel 2003