Məcnun sayaq sevənə gülərüz canan bəs edər

Məcnun sayaq sevənə gülərüz canan bəs edər,
Nəğmə deyən bülbülə baği-gülüstan bəs edər.

Məhəbbət düşkünləri, vəfasızlar az deyil,
Ürəkdən sevənlərə bir oda yanan bəs edər.

Bizə beşik bu dünya aşiqlərlə dop-dolu,
Eşq əhlinə həyatda açıla meydan, bəs edər.

Qəlbdən sevib aşiqlər yetişsələr vüsala,
Məhəbbəti anlayan, mətləbi qanan bəs edər.

Ayrı düşsən yarından, darda qalsan sən əgər,
Qəlb sirdaşın həmin an tutsa qolundan bəs edər.

Həsrətini çəkənlər yaşatsa ürəyində
Olsa səni yad edib, hər gün anan bəs edər.

Əli Vəkil, yaz yenə sözlərin düşsün dilə,
Bircə nəğmən qəlblərdə olsa mehman, bəs edər.

25.07.2002