Tanrının aşiqlərə bəxşişisən, ay sonam

Tanrının aşiqlərə bəxşişisən, ay sonam,
Fələyin töhfəsinə əhsən, əhsən, ay sonam.

Adın dilimdə əzbər, əksin gözlərimdədir,
Qəlbimi dağlayırsan axı nədən, ay sonam?

Gözlərinə baxmağa cürətim çatmır inan,
Özün söylə, bəs indi neyləyim mən, ay sonam?

Hüsnünü bircə an da unuda bilmirəm mən,
Gendə gəzib qəlbimi üzmə gəl sən, ay sonam.

Lətafətli dildarın qeydinə qalam gərək,
Almısan gözəlliyi mələklərdən, ay sonam.

İllər ötüb keçdikcə biz də yaşa doluruq,
Əhdi-peyman eyləyək, baxma gendən, ay sonam.

Əli Vəkil saf eşqin nəğməsini yazacaq,
Neyləyim ki, doymuram gül üzündən, ay sonam.

17 may 2002