İnsafa gəl aşiqinin üzünə gül, ay dildarım,
Əhvalını xəbər alıb qədrini bil, ay dildarım.
Mələklərə sən bacısan, bəlkə göylərdən enmisən?
Gözləyirəm uzaq gəzmə, görüşə gəl, ay dildarım.
Sən dərdimin dərmanısan, axı necə unudum mən?
Gəl mənimlə söhbət elə, şadlan, gül, ay dildarım.
Kim görürsə məftun olun, gülüm, Günəş camalına,
Ömrün təzə-tər qalacaq sən gülsən, gül, ay dildarım.
Zaman verir öz hökmünü, insanlar sevib-sevilir,
İlahəsən, məlakəsən, çəkmərəm əl, ay dildarım.
Laləyə bənzər yanağın, sən layiqsən məhəbbətə,
Nəğmələr deyir şəninə, susmur dil, ay dildarım.
Əli Vəkil haçan doyub duruşundan, gülüşündən,
Tez gəl onun görüşünə, ötüşür il, ay dildarım!
10 may 2002