Yar əhdinə sadiqdirsə, bəxti üzə gülüb demək,
Bu sevdada Tanrısından xeyir-dua alıb demək.
Ülvi sevgi əbədidir, sevinəcək göy də, yer də,
İki aşiq könul verib, birgə zəfər çalıb demək.
Həsrət qəlbdən uzaq olsa, eşqin bağı açsa çiçək,
Sevən aşiq zərgər olub zər qədrini bilib demək.
Ayrılıqdan dolsa gözün, intizara dözəmməsən,
Əlin, ünün yetməyirsə, yar uzaqda qalıb demək.
El bələddir doğulandan məhəbbətin qüdrətinə,
Fərəhlənsən, gülsə üzün həsrət zəfər çalıb demək.
Bir-birinə könül açsa sədaqətli Adəm əhli,
Eşqin qoşa badələri əllərdədir, dolub demək.
Əli Vəkil ayrı düşsə bu dünyada dildarından,
Məcnun kimi öz meylini səharalara salıb demək.
8 aprel 2003