Bir də dönüb baxa kaş ki, yar mənə,
Bu geni dünyanı bağışlar mənə.
Gör haçandan ondan ayrı düşmüşəm,
Bəlkə deyiləcək sözü var mənə?
Məhəbbətin yox ölçüsü, meyarı,
Qəlbdən sevsin qoy həyatda yar-yarı.
İki ürək bir sim üstə köklənsin,
Qoy bunu aşiqlər bilsinlər barı.
Hamıya xoş gəlmir ətri hər gülün,
Üstü şehli olur təzə-tər gülün.
İntizarla cəh-cəh vuran bülbül də
Dolanar başına hər səhər gülün.
Yar gəlsə bağçaya bağban olardım,
Yol getsə karvanla sarban olardım,
Çəkərək nazını həyatım boyu,
Mən onun eşqinə sadiq qalardım.
Sinəmin üstünü yol eləsin yar,
Hər nə istəyirsə, qoy eləsin yar,
Onun hər əmrinə hazıram inan,
Təkcə məni sevsin, əzizləsin yar.
Nələr görməyibdir kainat, nələr?
Köç edib faciə, qırğın görənlər.
Cəllad cəllad olub əməlləriylə,
Qan töküb, ev yıxıb şahlıq edənlər.
Fatehlər əmr edib, silahlar dinib,
Qalxanlar toqquşub, qılınclar enib.
Qazancı nə olub başkəsənlərin?
Yerlər, göylər qızıl qana bülənib.
Həsrətindən boğulanda, əzizim,
Qəlbim sözlə dolan anda, əzizim,
Könlümün həmdəmi olsaydın əgər,
Ürəyim gülərdi onda, əzizim.
Əğyar yenə məndən sənə söz deyib,
Zənn etmə ki, doğru deyib, düz deyib.
Onun bircə arzusu bu olub ki,
Bir gün məndən dönərəsən üz, deyib.
Yollarına gül səpərəm, gəlsən, yar,
Sevinərəm, göz yaşımı silsən, yar.
Həyat şirin olar, günlər mənalı,
Ürək dilə gələr, yeni nəğmə doğular.
Gülüşün nəğmədi, sözün nəğmədi,
Baxışın nəğmədi, gözün nəğmədi,
Sıralanıb düzüldükcə misralar,
Sənin gül camalın, üzün nəğmədi.
Mən qələm tutsam da şeiri yazan sən,
Muncuq kimi sözü sapa düzən sən,
Həsrətindən qəlbim oda yansa da,
Gen dolanıb, ayrılığa dözən sən.
Nədən uzaq düşüb gözümdən yuxu?
Oyağam keçsə də, gecənin çoxu.
Tənha xəyallara dalmışam bu gün,
Sinəmə tuşlanıb bir həsrət oxu.
Ayrılığa tablaşırsan necə sən?
Bilməyirəm neyləyirsən, necəsən?
Vallah bilməm bir də mənim yuxuma
Gələcəksən, gülüm, hansı gecə sən?
Gözləyir qarşıda xoş günlər bizi,
Birlikdə dolaşaq dərəni, düzü.
Yadından çıxarma, çıxarma bunu,
Sənə ünvanlandı şairin sözü.
22 avqust 2002