Qürbəti görməyən, qərib olmayan,
Vətənin qədrini bilməz heç zaman.
Qürbət ölkələrdə gülərmi üzün?
Təntisən de, kimlər tutar qolundan?
Çoban çox olanda qoynu qurd yeyər,
Peşiman çobanlar başına döyər.
Çoban cəsur olsun – çoban bir olsun,
Qoynu qurda vermək de, nəyə dəyər?
Bədbəxtlik qapını döyərsə əgər,
Tənbəlliyin onu evə gətirər.
Tənbəl olmaq nəyə gərək dünyada?
Çalış tanın hər bir işdə hünərvər.
Deyiblər ki, əl mərd olar, göz namərd,
Göz aldatsa əgər sən etmə dərd.
İki gəncin məhəbbət sevdasında
Sevgisinə dönük çıxan qız namərd.
Dil qısa, il uzun olsa, yaxşı,
Hər şey qiymətini düz alsa yaxşı.
Bir yastığa baş qoyan ər-arvad
Bir damın altında qocalsa yaxşı.
Dildə yox, sən işdə göstər özünü,
Həyatda işinlə söylə sözünü.
Ağız büzməsinlər adın gələndə,
Yerə baxıb durub döymə gözünü.
Ehtiyatlı mərd igidin anası,
Vallah nə ağlayar, nə düşər ası.
Mərdlər hər addımı yüz ölçüb-biçər,
Hamıya məlumdur mərdlər dünyası.
Əldən qalan hər iş əlli il qalar,
Yarımçıq iş hər insana dərd olar.
Bu günün işini sabaha qoyma,
İşini tez görən kişi mərd olar.
Əl mizandı, göz tərəzi, deyiblər,
Təmiz əli, arif gözü deyiblər.
Hər kəlamı doğru-düzgün söyləyib,
Yeri gəlib müdrik sözü deyiblər.
Əmək qızıl bilərzikdi, taxın siz,
Müqəddəslik rəmzi kimi baxın siz.
İnsana şərəfdir əlin qabarı,
Zəhmət çəkib heç nə itirməzsiniz.
Minnət ilə getməkdənsə behiştə,
Gəl minnətsiz cəhənnəmə get işdə.
Minnətli çörəyi yemə dünyada,
Özün qazan, özün çalış, get işdə.
Uman yerdən küsərlər, ay eloğlu,
Umacağın yerləri say, elğolu,
Adam var ki, boş qaytarar əl açsan,
Vallah olar işlərin zay, eloğlu.
Daş dəyər hey gəzən ayağa, dostum,
Əgər fikir versən ayağa, dostum,
Elə gəz ayağın dəyməsin daşa,
Yoxsa gedəmməzsən uzağa, dostum.
Gördüyünü göz önündə qoyub sən,
Eşitdiyin səs dalınca gedirsən.
Bilmirsənmi göz aldatmır həyatda,
Amma qulaq səhvlər eləyir bəzən.
Həqiqətdir, gəl nə gizlət, nə də dan,
Peşman olmaz tez evlənən, tez duran.
Tez evlənən olur oğullu və qızlı,
Tez duran bezərmi qayğılarından?
Öz malını yaxşı saxla, qoru sən,
Bilməyəsən öz qonşunu oğru sən.
Qonşunun heç nədən xəbəri yoxsa,
Haqqın yox sən ondan şübhələnəsən.
Pisliyi torpağa, yerə əkdilər,
Göyərmədi ha nazını çəkdilər.
Pislik nədir? Qoy bilməsin insanlar,
Hər kəs bir-birindən yaxşılıq dilər.
Özgə yaxşısından pisimiz yaxşı,
Özgə alovundan hisimiz yaxşı.
Həqiqət, ədalət bərqərar olsun,
Yüz-yüz yalandansa bircə düz yaxşı.
Yaxşını insanlar müqəddəs saydı,
Yaxşı seçilməzdi pis olmasaydı.
Onlar yol yoldaşı olub əzəldən,
Xoş olardı pislik doğulmasaydı.
Bar verəcək münbit torpaqda zəhmət,
Düzülür süfrəyə ən ləziz nemət.
Gözün əldə olar, zəhmət çəkməsən,
Əməyin məhsulu ən əziz nemət.
Əmək olub xoşbəxtliyin açarı,
Heç kimsə zəhmətdən bezməsin barı.
Gələcək nəsilə yadigar qalır
Qabarlı əllərin yaratdıqları.
İşləyən dişlər – bunu kim bilmir,
Tənbəllər kişnər – bunu kim bilmir.
Zəhmətsiz ötüşən illərə heyif,
Tarixə çevrilir, yox geri gəlmir.
Öldürrəm! – deyəndən qorxma heç zaman,
Ölləm! – söyləyəndən kənarda dolan.
Şəhid adlandırmaq olmaz hər kəsi,
Ölləm, – deyən qurban gedər hər bir an.
Hamı döyər qolu bağlı olanı,
Köməksizi, qəlbi dağlı olanı.
Qolu bağlı isə, qeyrət neyləsin?
Döyə bilmir ondan qisas alanı.
Yaxşı getməyincə pisin qiyməti,
Qədri bilinməz siz bilin qəti.
Yaxşı adam pislik etməz kimsəyə,
Yaddan çıxmaz yaxşıların hörməti.
28 avqust 2002