Dolacaq

Öz yurdumun əsiriyəm əzəldən,
Sirdaşımdır sevinclə qəm əzəldən,
İlham aldım sənin kimi gözəldən,
Bir şirin söhbətim, sözüm qalacaq,
Məni yad edəndə gözün dolacaq.

Kişi kimi ömür sürdüm dünyada,
Aman Allah, nələr gördüm dünyada?
Həqiqətə könül verdim dünyada,
Köklənmiş, sədəfli sazım qalacaq,
Məni yad edəndə gözün dolacaq.

Heç zaman zəhmətdən qaçaq olmadım,
Fərari olmadım, orxaq olmadım,
Havalanıb hər sim üstə çalmadım,
Müqəddəs ocağım, közüm qalacaq,
Məni yad edəndə gözün dolacaq.

Qanım bildim, canım bildim torpağı,
Ürəyimdə qanım bildim torpağı,
Adım bildim, sannım bildim torpağı,
Doğma Qarabağda gözüm qalacaq,
Məni yad edəndə gözün dolacaq.

Əli Vəkil daim məğrur, vüqarlı,
Həm elə sadiqəm, həm etibarlı,
Olmuşam çoxundan mən mənən varlı,
Üç-dörd cızma-qaram, yazım qalacaq,
Məni yad edəndə gözün dolacaq.

6 oktyabr 2000