Dözdüm şaxtaya, ayaza,
Yolu, izi aza-aza,
Adam gərək dağda dözə,
Düzü gözləyə-gözləyə.
Yaman darda qalıb Göyçə,
Məni dərdə salıb Göyçə,
Susub, fikrə dalıb Göyçə,
Bizi gözləyə-gözləyə.
Gur bulaqlar yas içində,
Güllü bahar yas içində,
Doğma diyar yas içində,
İzi gözləyə-gözləyə.
Doğranmışam dilim-dilim,
Qəmli keçir ayım, ilim,
Çoxa həsrət qalıb əlim,
Azı gözləyə-gözləyə.
Qış keçəndə yaz dil açır,
Gur ocanda köz dil açır,
Ürəyimdə söz dil açır,
Sazı gözləyə-gözləyə.
Göyçəmizdə doldum yaşa,
Oxum niyə dəydi daşa?
Yaşa dedim, nəğmə, yaşa,
Sözü gözləyə-gözləyə.
Yola saldım mən əllini,
Ömrümdən ötən əllini,
Könlüm tapdı təsəllini,
Yüzü gözləyə-gözləyə.
Aprel 1996