Qurbanın olum

Gecikdiyin daha bəsdi,
Qulağımda bu nə səsdi?
Yoxsa əğyar yolu kəsdi?
Gəl, sənin qurbanın olum!

Nəğmən mənim, sözüm mənim,
Canım mənim, gözüm mənim,
Yoxsan – gülmür üzüm mənim,
Bil, sənin qurbanın olum!

Xatırladım dönə-dönə,
«Kaş gedənim geri dönə».
Gəlib ürəkdən versənə
Əl, sənin qurbanın olum!

Diləyim sən, arzum sənsən,
Şirin nəğməm, sözüm sənsən,
Çiçəyim sənsən, yazım sənsən,
Gül, sənin qurbanın olum!

Tənəli söz qəlbə dəyir,
Əli Vəkil dərd eləyir,
Ömrümüzü tərk eləyir
İl, sənin qurbanın olum!

9 yanvar 2003