(mahnı)
Öz yolunda, öz işində
Sənli dünya, mənli dünya.
Öz hökmündə, gərdişində
Sənli dünya, mənli dünya.
Onu nalə, ah oyatmır,
Haraylasan haya çatmır,
Söz deyirsən, sözə yatmır –
Sənli dünya, mənli dünya.
Neçəsinə layla çalıb,
Neçəsini yola salıb,
Neçəsindən qisas alıb –
Sənli dünya, mənli dünya.
Beşik olub, beşik bizə,
Müqəddəs ev-evşik bizə,
Daim çəkir keşik bizə –
Sənli dünya, mənli dünya.
Könlümüzü alasıdır,
Bizlə yaşa dolasıdır,
Bir gün bizsiz qalasıdır –
Sənli dünya, mənli dünya.