Kövrələrək xəyallara dalanda,
Özünlə baş-başa, tənha qalanda,
İntizardan qəlbin, gözün dolanda
Xatırla, əzizim, xatırla məni.
Xatirələr dil açanda qəlbində,
Mənli anlar gül açanda qəlbində,
Ülvi hisslər nur saçanda qəlbində
Xatırla, əzizim, xatırla məni.
Keçmişi an, yaddaşını yoxla sən,
Eşqimizi ürəyində saxla sən,
Göz dikəni gözlərindən oxla sən,
Xatırla, əzizim, xatırla məni.
Qəlbimizdə xoş anları yad edək,
Məhəbbəti duyanları yad edək,
Bizi sevib, sayanları yad edək,
Xatırla, əzizim, xatırla məni.
Əli Vəkil unudarmı de səni?
Qələm alıb yazdı olub-keçəni,
Anır hər an ürəyinə köçəni,
Xatırla, əzizim, xatırla məni.
23 avqust 2002