Məhəbbətdə payım sənsən,
İlk baharım, yayım sənsən,
Al Günəşim, Ayım sənsən,
Bil, gözəlim, bil, mənim ol!
Həzin nəğməm, şirin sözüm,
İlqarımız vardır bizim,
Qalmayıbdır daha dözüm,
Gəl, gözəlim, gəl, mənim ol!
Axı, necə dözüm sənsiz,
Qan-yaş tökür gözüm sənsiz,
Vallah gülmür üzüm sənsiz,
Gül, gözəlim, gül, mənim ol!
Dedim nəğmə yazım yenə,
Ətir saçsın yazım yenə,
Sənsiz susub sazım yenə,
Çal, gözəlim, çal, mənim ol!
Al könlümü, al, gecikmə,
Çal könlümü, çal, gecikmə,
Gəl yanımda qal, gecikmə,
Qal, gözəlim, qal, mənim ol!
Aprel 1991