Gedib

Ağdamın itgisi çıxarmı yaddan?
Göyçəyə bitişik Kəlbəcər gedib.
Keçəydik alovdan, keçəydik oddan,
Füzuli, Qubadlı lap hədər gedib.

Hədiyyə vermişik Zəngəzuru biz,
Görəmmədik onda gizli toru biz.
Yada qaldı bir-bir bölgələrimiz,
Qismətimiz olub dərd, kədər, gedib.

Təbrizi də, Dərbəndi də itirdik,
Zəngilanı, Cəbrayılı tez verdik.
Uduzduqca yağılara üz verdik,
Gör neçə yurd yeri sərasər gedib.

Vətən qalıb Borçalıdan aralı,
Fikrə dalıb Borçalıdan aralı,
Urmuyasız ürəyimiz yaralı,
Hələ çalmalıyıq zəfərlər, gedib.

Bizim idi bir vaxt Dərəçiçək də,
Ağbabada açmır indi çiçək də.
Yaralı quş – sinəmizdə ürək də,
Həsrət qəlbimizi hey üzər, gedib.

17 iyul 2003