Hər yan yam-yaşıldı, hər yan gül-çiçək,
Necə şirin idi bahar ömrümüz.
Gələcək eşqinə vururdu ürək,
Əfsanə sayırdıq onda ömrü biz.
İlk görüş iz salıb yaddaşımızda,
O günlər, o anlar unudularmı?
Əhd etdik, and içdik, görüşdük yazda,
Gənclik illərinin əvəzi varmı?
Durub gözləyirdim haçandan səni,
Yağın daşsa belə gəlməli idin.
Unuda bilmirdim bircə an səni,
Məni bir şeirinlə sevindir, dedin.
Hər anım bir ilə dönürdü inan,
Yaman tələsirdim ilk görüşə mən.
Sanki lal olurdum baxışlarından,
Xəyalın getmirdi gözüm önündən.
Gülüşün, baxışın çıxmaz yadımdan,
Nəsə yazmalıydım o anlar üçün.
Vusal həsrətiylə yaşayır insan,
Sınaq gözləyirdi məni həmin gün.
Nəğmə yazmalıydım ilk məhəbbətə,
Yaman sarsıdırdı həyəcan məni.
Qəlbdən vurğun idin şeirə, sənətə,
Gəlməsəm anmazdım heç zaman məni.
İlahi sevgidən dil-dil ötərdim,
Hər sözüm dilimdə şeirə dönərdi.
Könlümü həyatda tək sənə verdim,
Özüm dinməsəm də, ürək dinərdi.
Əl verib görüşdük, nəğmə istədin,
Vardı söz hədiyyəm qəlbimdə inan.
Şeirimi cibindən çıxart ver, dedin,
Eşqinlə gülürdü qəlbim də, inan.
Həvəslə, həsrətlə dinlədin onda,
İlk sevgi şeirimi söylədim, gülüm.
Ürəkdən sevinib gülərək sonda
Seyr etdim çöhrəni, dolaşdı dilim.
«Dövrana bax, bir,
İllər dövr edir,
İlhamım gəlir
Sən gülən zaman.
Tək səni andım,
Oduna yandım,
Fikrini qandım
Sən gülən zaman.
Eşqin əzəli,
Ellər gözəli,
Şad olur Əli
Sən gülən zaman».
Oyandım yuxudan öz səsimə mən,
Qəlbimdə həyəcan, qəlbimdə təlaş.
Əlli il keçibdir, gülüm, o gündən,
Biz indi çıxaydıq ilk görüşə kaş.
5 avqust 2007