Ömür-gün yoldaşım Göyərçin xanıma
Bir gözəllik az olardı,
Sən dünyaya gəlməsəydin.
Dərdi-sərim yüz olardı,
Sən dünyaya gəlməsəydin.
Yazda açmazdı gül-çiçək,
Ətir saçmazdı gül-çiçək,
Odlanmazdım pərvanətək,
Sən dünyaya gəlməsəydin.
Xəyallara dalardım mən,
Qəm sazını çalardım mən,
Saralardım, solardım mən,
Sən dünyaya gəlməsəydin.
Baharı da qış sanardım,
Yaşamaqdan usanardım,
Yayda soyuqdan donardım,
Sən dünyaya gəlməsəydin.
Göydə qanad açammazdım,
Zirvələrdə uçammazdım,
Doğru yolu seçəmməzdim,
Sən dünyaya gəlməsəydin.
Sirdaşım kədər olardı,
Yaşamaq hədər olardı,
Yatağıma qor dolardı,
Sən dünyaya gəlməsəydin.
Aşıb-daşardı təlaşım,
Tezcə ağarardı başım,
Kim olardı qəlb sirdaşıi,
Sən dünyaya gəlməsəydin.
Bu nəğməni sənə yazdım,
Baxdım gül çöhrənə yazdım,
Yəqin mən də doğulmazdım,
Sən dünyaya gəlməsəydin.
Könlümü kimlər alardı,
Qeydimə kimlər qalardı,
Əli Vəkil lal olardı,
Sən dünyaya gəlməsəydin.
15 yanvar 2009