Elə bil şimşəkdin, çaxdın gözümdə,
Ələndi üstümə bahar leysanı.
Ağzımda bal daddı şeirim, sözüm də,
Unutmaq mümkünmü, gülüm, o anı?
Qəlbini oxudum baxışlarından,
Sən də əsirisən saf məhəbbətin.
Çökməsin çöhrənə, gözünə düşmən
Özgədir səfası eşqin, ülfətin.
Zaman öz işindədir, öz hökmündədir,
Ülvi duyğuları söndürür bəzən.
Ürək sözə baxmır, ürək hökm edir,
Aşiqi zirvədən endirir bəzən.
Əsiri olursan düşüncələrin,
Yaşadır saf niyyət, arzular səni.
Məhəbbət ümmanı dərindən dərin,
Ürəyim hər zaman arzular səni.
Zərifsən, gözəlsən, söz tapmaq çətin,
Doymaq olmur söhbətindən, sözundən.
Leylamsan hüsnünü unutmaq çətin,
Yuxuya dalaydım qucağında mən.
25 sentyabr 2001