Bağrımın başına bir nəğmə kimi
Süzülüb axdınız, a qara gözlər.
Odlara yaxdınız sevən qəlbimi,
Bəlkə çıxmısınız şikara, gözlər?
Parlaq ulduz kimi qıyılanda siz,
Qəlbimdə çaxdınız bircə anda siz.
Rəhm edin aşiqə bu cahanda siz,
Vurmayın könlümə min yara, gözlər.
Budur, saçlarıma düşür təzə dən,
Qaytarın gəncliyi mənə təzədən,
Bilmirəm, bilmirəm, bilmirəm nədən
Əlini çəkirsiz siz dara, gözlər?
İyun 1989