A zalım qızı

Süzdürmə gözünü, durma qəsdimə,
Yandırıb-yaxarsan, a zalım qızı.
Barı insafa gəl, sevmirəm demə,
Evimi yıxarsan, a zalım qızı.

Qəlbimi coşduran təmiz eşqindir,
Dalğalı, tufanlı, dəniz eşqindir,
Əhdini unutma, bir məni dindir,
Əbədi baharsan, a zalım qızı.

Sevdalı könlümün dayağı sənsən,
Sevgi dünyasının mayağı sənsən,
Onsuz da əğyara göz dağı sənsən,
Nə yaxşı sən varsan, a zalım qızı.

İyun 1988