Ad günü

(lirik poema)

Ömür-gün yoldaşım Göyərçin xanımın 60 və toyumuzun 50 illiyi münasibətilə

Yeni ilin töhfəsidir ad günün,
Yaşının üstünə gəldi bir yaş da.
Qəmlənmə, ay gülüm, qoy gülsün üzün,
Ömür sarayından düşdü bir daş da.

Yanvarın onunda qırx ikinci il,
Dünyaya göz açdın sevindi hamı.
İllər vərəqləndi, dəyişdi fəsil,
Böyüdün əlində gözəllik camı.

Nədənsə kimsəyə bənzəmədin sən,
Seçildin, fərqləndin yaşıdlarından.
Heç nə yayınmadı iti gözündən,
Sabağa inamla baxdın hər zaman.

Günlər qanlı idi, qadalı idi,
Qızğın anlarıydı müharibənin.
Ölümdən, qırğından el halı idi,
Az oldu fərəhin, gülüşün sənin.

Gəlirdi evlərə «qara kağız»lar,
Gəzirdi dünyanı qara xəbərlər.
Hərbin vahiməsi, hərbin xofu var,
Çəkirdi insanı dara xəbərlər.

Uşaq yaddaşında qaldı bəd illər,
Kənddə rəhbər idi atan o zaman.
Sevinci əlindən aldı bəd illər,
Yoxuydu haraya çatan o zaman?

Ata itirənlər xor baxdı sənə,
Yamanca çox oldu qibtə edənlər.
Ac qaldı, diləndi xalq dönə-dönə,
Geri qayıtmadı bir də, gedənlər.

Beş il davam edən müharibədə
Yaxşı ki, Qələbə bizə yar oldu.
Neyləyə bilərdin sən müharibədə?
Sağ qalan insanlar bəxtiyar oldu.

Bir gün tamamladın on doqquz yaşı,
Baş tutdu sevdamız, əhdimiz bizim.
Sən oldun Əliyə ömür yoldaşı,
Qoymadın sarsılım, büdrəsin dizim.

İnamla dediyin bircə kəlmə söz
Yaşamaq deməkdir, həyat deməkdir.
Nədir köksüm altda bu atəş, buk öz,
Eşqinlə döyünən, yanan ürəkdir.

Hərdən borana da, qara da düşdüm,
Yolumda keçilməz uçurum oldu.
Ömür yollarımda dara da düşdüm,
Sevən ürəyimdə eşqin doğuldu.

Həmişə dayandın gözüm önündə,
Tək səni düşündüm, səni yad etdim.
Sınaq anlarında, ən çətin gündə
«Sevirəm» – sözünü bir də eşitdim.

Yaxına qoymadım kədəri, qəmi,
Sözümə, əhdimə vəfadar oldum.
Sən ilham çeşməsi, könül həmdəmi,
Əbədi eşqinlə bəxtiyar oldum.

Dünən söylədiyin «Sevirəm» – sözü,
Yolumda, qəlbimdə dönüb məşələ.
Məhəbbət həyatın parlaq ulduzu,
Bu sözün ömürü uzundur hələ.

Yetişdi dadıma qələmlə kağız,
Əriyib, dağ oldu söz ürəyimdə.
Müqəddəs eşqindən yaranıb yalnız
Atəş ürəyimdə, köz ürəyimdə.

Sönməzdir köksümdə saf eşqin odu,
Əriyib yox oldu hicran buludu.
Kədər də, qüssə də uçub yox oldu,
Salmısan silinməz iz ürəyimdə.

Hər şeyi bəxş etmir yetənə dünya,
Baxmır nə dumana, nə çənə dünya,
Qıyacaq həm mənə, hm sənə dünya,
Qəlbimdən keçəni sez ürəyimdə.

Səadət qoy bizdən uzaq olmasın,
Öndə nə uçurum, nə dağ olmasın,
Nəzərin üstümdən uzaq olmasın,
Nə qəmlən, nə də sən bez ürəyimdə.

Əli Vəkil yaşayarmı, de sənsiz?
Sevinərmi, şad olarmı, de sənsiz?
Bircə misra doğularmı, de sənsiz?
Həmişə səbr elə, döz ürəyimdə.

Darıxma, hər şeyin vaxtı var, dedin,
Axı, ayrılığa dözmək olmayır.
Güləcək üzünə ilk bahar, dedin,
Yox, səndən aralı gəzmək olmayır.

Darıxma, səbr elə, demək asandır,
Sənin əsirinəm xeyli zamandır,
Eşqinlə yandığım demə bir andır,
Bəzən ürəkləri sezmək olmayır.

Darıxma, döz, dedin, dözməliyəm mən,
Hicranla, həsrətlə gəzməliyəm mən,
Təzə-tər gülləri üzməliyəm mən,
Gül var ətirlidir, üzmək olmayır.

Tapa bilirsənmi bir də sən məni?
Görmüsən kədərli, həm də şən məni,
Qoyma ki, azdırsın duman, çən məni,
Hər dayaz dəryada üzmək olmayır.

Bir dəfə yaradıb bu dövran məni,
Bir gün götürəcək aradan məni,
De, niyə qınasın hər nadan məni?
Su olub hər yana axma, amandır.

Hər günün, hər ayın qədrini bilək,
Birlikdə şadlanaq, birlikdə gülək,
Odlar diyarında sevək, sevilək,
Şimşək tək qəlbimdə çaxma, amandır.

«Cahan daimidir, ömür amanat»,
Məhəbbət insana verir qol-qanad,
Ay İlham pərisi, gəl dadıma çat,
Könlümün evini yıxma, amandır.

Özün müqəddəssən, eşqin müqəddəs,
Tək sənin eşqinlə alıram nəfəs,
Səni vesə bilməz Əli tək heç kəs,
Oxumu daşlara çaxma, amandır.

Mənalı, mənalı baxdıqca hərdən
Ağlımı başımdan aldı gözlərin.
Özüm də bilmirəm, bilmirəm nədən
Nitqimi əlimdən aldı gözlərin.

Sevib-seviləndə min cür hal olur,
Bəzən şeyda bülbül, bəzən lal olur,
Eşqin mənim üçün bir xəyal olur,
Danışmır bəs nədən, laldı gözlərin?

İnsaf et, nə olar bir ötərgi bax,
Əlini odlara gəl az yandır, yax,
Axırda bircə söz deyirəm, ancaq
Qəlbimdə yadigar qaldı gözlərin.

Sevincim aşıb-daşır
Səni xatırlayanda.
Uzaqlar yaxınlaşır
Səni xatırlayanda.

Geridə qalmaq nədir?
Qəm sazı çalmaq nədir?
Vaxtsız qocalmaq nədir?
Səni xatırlayanda.

Əhdimi anıram mən,
Eşqinlə yanıram mən,
Ölümü danıram mən
Səni xatırlayanda.

İlham yaz-yarat, – deyir,
Gözəldir həyat, – deyir,
Hər arzuya çat, deyir,
Səni xatırlayanda.

Xoş keçir günüm, ayım,
Sənsən aprelim, mayım,
Haqqım varmı yazmayım
Səni xatırlayanda.

Havalandım yenə mən,
Sən andım yenə mən,
Yoxa çıxdı duman, çən
Səni xatırlayanda.

Dilə gəlir arzular,
Qismətim olub bahar,
Əli Vəkil dağ yarar
Səni xatırlayanda.

İnsana hörmət var elimdə mənim,
Adın əzbər olub dilimdə mənim,
Dolan çəmənimdə, elimdə mənim,
Sənintək bir gülü üzən olmuşam.

Əbədi hakimsən ürəyimdə sən,
Ən şirin arzum da, diləyim də sən,
Ay üzlü gözəlim, mələyim də sən,
Aşiqəm, dərdinə dözən olmuşam.

Gözümün önündən getmirsən bir an,
Bu həsrət, ayrılıq amandır, yaman,
Barı insafa gəl, ay dəli ceyran,
Ovçuyam arxanca gəzən olmuşam.

Bizə beşik olan dünya,
Hey boşalıb, dolan dünya,
Qılıncını çalan dünya
Qoya bilməz ağlar məni.

Gəlib-gedəndən biriyəm,
Qismətimdir sevinclə qəm,
Gözəlliyin əsiriyəm,
Ala gözlər yoxlar məni.

Bir səs gəlir: – qürrələnmə,
Eşq oduna yanıb sönmə,
Göyərçinim – göydən enmə
Bu dünyaya bağlar məni.

Eşqini nur yayan günəş sanmışam,
Ala gözlərini unutmaq çətin.
Nə bir uf, demişəm, nə usanmışam,
Qolum-qanadımdır saf məhəbbətin.

Üzürsən qəlbimi baxışlarınla,
Dünya gözəlləşir sən gülən zaman.
Əbədi sevgini dərk elə, anla,
Bizdən uzaq olsun qoy həsrət, hicran.

Əhdinə min ümid bəsləyirəm mən,
Ülvi məhəbbətə ehtiyacım var.
Sənsizəm, tək səni səsləyirəm mən,
Həmişə sevilib, sevib insanlar.

Gül, ürəkdən gülək, gülüm,
Qönçələnsin ayım, ilim,
Göyərçinim – bahar fəslim,
Sən gül-çiçək istə məndən.

Məhəbbətin qəlbə dayaq,
Əhdi duyaq, eşqi duyaq,
Səadəti cüt qoruyaq,
Xoş gələcək istə məndən.

Alnıaçıq yaşayaq biz,
Hər şübhəni boşlayaq biz,
Ürəkdə eşq daşıyaq biz,
Halal çörək istə məndən.

Əbədidir, sönməz közüm,
Yad üzlərə baxmaz gözüm,
Sirdaşımdır ümid, dözüm,
Odlu ürək istə məndən.

Unudulmur vüsal dəmi,
Rədd eləyək dərdi, qəmi,
Ömrüm boyu sən əhdimi
Doğru, gerçək istə məndən.

Əhdə sadiq ömür-gün yoldaşısan,
Üç oğlumun ləyaqətli anası.
Nəvəyə qulluq da deyildir asan,
Nəvələr də nənələri anası.

Daim fəxr edirsən balalarınla,
Seviblər, sevirlər ürəkdən səni.
Öyün sən onlarla – övlad barınla,
Seçmək mümkün deyil mələkdən səni.

Necə gəlib çatdı yaşın altmışa,
Bu gün yazılacaq yaddaşımıza.
Övladla, nəvəylə bəxtəvər yaşa,
Qoy ömrün qovuşsun bahara, yaza.

Enişli-yoxuşlu yollar keçmişik,
Alışıb-yanmışıq üç övlad üçün.
Əhdi-peyman edib, biz and içmişik,
Örnək olduq doğma üçün, yad üçün.

Qırx il ötüb-keçib toy günümüzdən,
Acılı-şirinli ömür sürmüşük.
Kimsə inciməyib, küsməyib bizdən,
Nələr eşitmişik, nələr görmüşük.

Bu gün açlarına düşübsə də dən,
Qırx il əvvəlkisən gözümdə mənim.
Yadından çıxarma bu həyatda sən
Cavansan nəğməmdə, sözümdə mənim.

Darıxma fəsillər, illər ötsə də,
Qalır sonbeşiyin – Rizvanın toyu.
Gəncliyin yelkəni gözdən itsə də,
Yaddan çıxarmarıq ömrümüz boyu.

Gəl, keçmişi yada salaq birlikdə,
Gör nə günlər, gör nə anlar yaşadıq.
Xəyallara, fikrə dalaq birlikdə,
Hər gecənin gündüzü var, yaşadıq.

Bir vaxt bizə kirayəşin, dedilər,
Nə yaxşı ki, biz ümidsiz olmadıq.
Evsizlik nə demək, görənlər bilər,
Bir bağçada qoşa güldük, solmadıq.

Tanrıya yalvardıq bu cahanda biz,
Vaxt çatdı bizim də evimiz oldu.
Nə qədər sevindik, gülüm, onda biz,
Gördünmü fərəhdən gözümüz doldu?

Yaman fərəhləndik uşaqsayağı
İlk kitabım işıq üzü görəndə.
Çağladı ürəkdə «Sona bulağı»,
Orda hər misranı, sözü görəndə.

Yola saldıq həftələri, ayları,
İnam çörəyimiz, suyumuz oldu.
Biz də övlad dadı dadaydıq barı,
Allaha min şükür oğul doğuldu.

Ay gülüm, bəxtimiz güldü bir səhər,
Altmış beşinci il on biri fevral.
Sevincdən göz yaşı, sevincdən qəhər,
Gülüstan elədi hər günü fevral.

Müşfiq, dedik gül balanın adına,
Vüqarlı oğuldu Vüqarımız da.
Rizvan çatdı ata, ana dadına,
Xoş gəldi qışımız, baharımız da.

Üç qardaş nağılı, biz də nağılbaz,
Nə yaxşı balalar əlaçıydılar.
Bağban bağ becərsə bəhrəsiz olmaz,
Evimə üç diplom gətirdi onlar.

Əbədi sevincim, qolum, qanadım,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.
İnamım, məsləkim, şöhrətim, adım,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Dizimin dirəyi, arxam, köməyim,
Görən gözümsünüz, vuran ürəyim,
Sizsiniz ən şirin arzum, diləyim,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Müşfiqin zəkası hamıya bəlli,
Vüqarın vüqarı mənə təsəlli,
Rizvanın qeyrəti – yenə təsəlli,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Ümdə arzum olub sizi böyütmək,
Demişəm boy atın məğrur övlad tək,
Sizdən qüvvət alıb köksümdə ürək,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Sizi düşünmüşəm, sizi anmışam,
Vallah hərənizi bir dağ sanmışam,
Üç igid böyüdüb oda yanmışam,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Bəxtəvər atayam, övladlarım siz,
Taledən qismətim, övlad barım siz,
Olanım, qalanım, mülküm, varım siz,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Qorudum, bəslədim hər zaman sizi,
Unuda bilmərəm bircə an sizi,
Sanmışam ömrümdə nurlu dan sizi,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Əbədi yaşadın oba nəslini,
Atanın adını, baba nəslini,
İnsan unutmasın gərək əslini,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Vüqarlı dolanın məndən sonra da,
Heç vaxt baş əyməyin yağıya, yada,
Qeyrətlə yaşayın ulu dünyada,
Müşfiqim, Vüqarım, Rizvanım mənim.

Günəşsən, ömrümə nur yayan günəş,
Mən səni bəyənib sevdiyim gündən.
Ay eşqin yolunda parlayan günəş,
Bir canda birləşdik həm sən, həm də mən.

Dünya gözlərimdə böyüdü bir az,
Bütün fəsilləri bahar eylədin.
Lap zildə kökləndi sinəmdəki saz,
Təpəydim, ucaldıb Qoşqar eylədin.

Dəyişdi qəlbimin döyüntüləri,
Özümü hamıdan bəxtəvər sandım.
Belə sevməmişdim anamız yeri,
Möhkəmdir inamım, möhkəmdir andım.

Sevinc dənizində üzürəm tamam,
Gecələr işıqlı səhərə dönmüş.
Eşqini o qədər ülvi sanmışam,
Ulduzlar mənimlə görüşə enmiş.

Ölçüb-biçməliyik hər addımı biz,
Axırda paxıllar baxıb gülməsin.
Bir vursun həmişə ürəklərimiz,
Qoruyaq, eşqimiz gözə gəlməsin.

Dünya gözəlləşib gözümdə mənim,
Dəyişib rəngini, ahəngini də.
Yaman şirinləşib sözüm də mənim,
Bir dünya sayıram, gülüm, səni də.

Adınla bağlıdır söhbətim, sözüm,
Sən məni hələ çox ucaltmalısan.
Eşqim-Göyərçinim, ay iki gözüm,
Əlini qəlbində qocaltmalısan.

On doqquz yaşında evimə gəldin,
Başladıq birlikdə ömür sürməyə.
Hər sözün, hər kəsin yerini bildin,
Qoymadın dərd, kədər qəddimi əyə.

Ali təhsil aldın qiyabi yolla,
Qayğıyla böyütdün oğlanlarını.
Həyatda heç kəsdən qalmadın dala,
Bunda gördün sərvətini, varını.

Müşfiq daxil oldu ali məktəbə,
O gün qanad açıb uçmaq istədik.
Könüldən vuruldu ali məktəbə,
Yaxşı mühəndis ol, ay oğul, dedik.

Yar seçdi, Müşfiqin nişan şənliyi,
Toyu nağıl oldu, əfsanə oldu.
Yazdı yaddaşına zaman şənliyi,
Qəlbimiz fərəhlə, sevinclə doldu.

Müşfiqin ilk oğlu – Nicat gəlincə
Beş il nələr çəkdin, nələr dünyada?
Üz tutub Allaha yalvardın necə,
Arzusu gül açan gülər dünyada.

Gül üzlü bir körpə görəndə hərdən,
Yalvarırdın Yaradana yüz kərə.
Mən şahidəm nələr çəkdin, nələr sən,
Qurban deyib, əl açaraq göylərə.

İyirmi yeddi aprel doxsan doqquzda
Güldü taleyimiz, güldü bəxtimiz.
İlin gözəl fəsli, çiçəkli yazda
Nicat gəldi qəlbdən fərəhləndik biz.

Üzdü qəlbimizi övlad həsrəti,
Nə qədər alışdıq, nə qədər yandıq.
Sonra da Müşfiqin baha möhnəti,
Kim deyir, kim deyir sən hədər yandın?

Gözəl Aytacımız, Turalımız var,
Vüqarlı Vüqarın cüt balaları.
İki oğlumuza tale oldu yar,
Rizvanın toyunu tez edək barı.

Bir ömürdür yaşayırıq,
Hələ bunlar harasıdır?
Sevinc, kədər daşıyırıq,
Hələ bunlar harasıdır.

Yollar keçdik sıldırımlı,
Yallar keçdik sıldırımlı,
Günlər gördük ildırımlı,
Hələ bunlar harasıdır.

Yollar yoxuş, eniş oldu,
Ömrümüzdə dönüş oldu,
Ürəyimiz geniş oldu,
Hələ bunlar harasıdır.

Gah küsüşdük, gah barışdıq,
Ha bəs etdik, ha yarışdıq,
Ha qaynadıq, ha qarışdıq,
Hələ bunlar harasıdır.

Qarşımızda ömür yolu,
Bu yol qayığalarla dolu,
Gördük yağış, gördük dolu,
Hələ bunlar harasıdır.

Bulaq idim, yarpaq oldun,
Hər qayğıma ortaq oldun,
Məhəbbətdə bir dağ oldun,
Hələ bunlar harasıdır.

Müşfiq, Vüqar, Rizvan bizim,
Xoş gələcək, dövran bizim,
İstəyi çox qəlbimizin,
Hələ bunlar harasıdır.

Gəl böyüdək nəvələri,
Xoşbəxt görək nəvələri,
Ömrə bəzək nəvələri,
Hələ bunlar harasıdır.

Aytac, Tural qoşa nəvə,
Yaşa Nicat, yaşa nəvə,
Qoy on olsun qoşa nəvə,
Hələ bunlar harasıdır.

İki evə elçi getdik,
İki oğul toyu etdik,
Qəlbimizdən səs eşitdik –
Hələ bunlar harasıdır.

Öndədir Rizvanın toyu,
Var qeyrəti, əsli, soyu,
Xoşbəxt olsun ömrü boyu,
Hələ bunlar harasıdır.

Ürəyini şam etmisən,
Hər sözümü eşitmisən,
Övladları böyütmüsən,
Hələ bunlar harasıdır.

Vurulmadın şan-şöhrətə,
Nə sərvətə, nə dövlətə,
Sadiq qaldın məhəbbətə,
Hələ bunlar harasıdır.

Öndən «Qızıl toy» gələcək,
Uğurlu il, ay gələcək,
Yaz gələcək, yay gələcək,
Hələ bunlar harasıdır.

Hər insanı duymaq gərək,
Hörmət edib saymaq gərək,
Məhəbbətdən doymaq gərək,
Hələ bunlar harasıdır.

Həyatın mənası artıb gözümdə,
Qoynuna səsləyir məni bağçalar.
Yaman şirinləşib şeirim, sözüm də,
«Nə yaxşı sən varsan, məhəbbətin var».

Dözərəm şaxtaya, dözərəm qara,
Qəlbimdə yurd salıb çiçəkli bahar.
Sadiqəm həyatda eşqə, ilqara,
«Nə yaxşı sən varsan, məhəbbətin var».

Qəlbimi günəştək qızdırır eşqin,
Gözlərim həmişə səni axtarar.
Mənə nəğmələri yazdırır eşqin,
«Nə yaxşı sən varsan, məhəbbətin var».

Üzünü görməsəm darıxaram mən,
Sənsiz tutammaram bir yerdə qərar.
Ayrılsan arxanca hey baxaram mən,
«Nə yaxşı sən varsan, məhəbbətin var».

Üzümə gülübdür bəxtim, taleyim,
Püşkümə düşübsən, ay sevimli yar.
Ömrün uzun olsun, ayrı nə deyim:
«Nə yaxşı sən varsan, məhəbbətin var».

Nəzər yetirirəm ömür yoluna,
Çətin günlərimiz az olmayıbdır.
Sən dözümlü, sən qayğıkeş bir ana,
Övlad payımızda qız olmayıbdır.

Gün gəlsin Aytacı gəlin köçürək,
Göz açsın dünyaya ilk nəticəmiz.
Yeni arzularla çırpınsın ürək,
Köçəndə dünyadan birgə köçək biz.

Sənin ad günündür, kövrəlmişəm mən,
Qırx ildir bu yolu bir keçirik biz.
Kədərli bir günü yad etdim nədən?
B yolda gör nələr gördük ikimiz?

Balalar naminə sadə geyindin,
Sırğa nə, zəncir nə, bilərzik nədir?
Sən nə qüssələndin, nə də deyindin,
Sinəndə silsilə, ya üzük nədir?

Ehtiyac duymasın təki balalar,
Daş-qaşın onlara məhəbbətindir.
Şan-şöhrət sevmədin, saf ürəyin var,
Bu sənin ərinə sədaqətindir.

Ona söykənmişəm el arasında,
Bəslənib yarpaqla gül arasında.
Gizlənib dodaqla dil arasında,
Üzümü ağ edib bu sevgi mənim.

Beşikdə körpədir, əzizləyirik,
Qeydinə qalırıq, can-can, deyirik,
Biz səndən doymuşuq haçan? – deyirik,
Üzümü ağ edib bu sevgi mənim.

Arzusu nə sərvət, nə də pul olub,
Onun qarşısında könül qul olub,
Bizə hədiyyəsi üç oğul olub,
Üzümü ağ edib bu sevgi mənim.

Müşfiqim ilk balam – güllü baharım,
Ortancıl oğlumdur məğrur Vüqarım,
Rizvanım – son beşik, dövlətim, varmı,
Üzümü ağ edib bu sevgi mənim.

Bizə uzanıbdır qolları onun,
Ürək ünvanlıdır yolları onun,
Qış-bahar təzə-tər gülləri onun,
Üzümü ağ edib bu sevgi mənim.

Ümmana baş vurur, dağlar aşır o,
Kükrəyir, çağlayır, aşıb-daşar o,
Daim yaşa dolur, cavanlaşır o,
Üzümü ağ edib bu sevgi mənim.

Haqqım var söz açım, danışım, dinim,
O mənim Kəbəmdir, o mənim dinim,
Birlikdə kəşf etdik – mən, Göyərçinim,
Üzümü ağ edib bu sevgi mənim.

Ölməzdir, əbədi yaşıyacaqdır,
Bizim adımızı daşıyacaqdır,
Təməli möhkəmdir, o özü haqdır,
Üzümü ağ edib bu sevgi mənim.

Bütün nəğmələrin baş nəğməsidir,
Təntənə nəğməsi, yaş nəğməsidir,
Ağıl nəğməsidir, baş nəğməsidir,
Üzümü ağ edib bu sevgi mənim.

Büllur saflığını bulaqdan alıb,
Dadı, şirinliyi dodaqdan alıb,
Qırmızı rəngini yanaqdan alıb,
Üzümü ağ edib bu sevgi mənim.

Hər an qorumuşam göz bəbəyitək,
Onunla çırpınıb köksümdə ürək,
Ömür yollarını bir keçək gərək,
Üzümü ağ edib bu sevgi mənim.

Biz yaşa dolduqca o şirinləşir,
Nurani olduqca o şirinləşir,
Nəvə doğulduqca o şirinləşir,
Üzümü ağ edib bu sevgi mənim.

Nəvədən keçəcək nəticələrə,
Nəticə verəcək kötücələrə,
Sonra da çatacaq yadıcalara,
Üzümü ağ edib bu sevgi mənim.
Qəlbimi dağ edib bu sevgi mənim.

Boy atdıq, yetişdi kamillik yaşı,
Eşqin atəşini sezdik birlikdə.
Qismətdi, rast gədik bir-birimizə,
Dolaşdıq birlikdə, gəzdik birlikdə.

Alışdıq, qovrulduq həsrətdən, gülüm,
Söz saldıq vəfadan, ismətdən, gülüm,
Artıq yemək olmaz qismətdən, gülüm,
Ürəkdən keçəni yazdıq birlikdə.

Məhəbbət bağında açan güllərdən,
Ətrini hər yana saçan güllərdən,
Gözəllər doyubdur haçan güllərdən,
Üzüb tellərinə düzdük birlikdə.

Eşqin göylərində qanadlandıq biz,
Sandıq özümüzü, xoşbəxt sandıq biz,
Nişandan söz salıb, toy da andıq biz,
Hicrana, həsrətə dözdük birlikdə.

Kövrəldik sevincdən gözümüz doldu,
Gəldi payız fəsli, yarpaqlar soldu,
Xoşbəxtik, bizim də toyumuz oldu,
Qol açıb oynadıq, süzdük birlikdə.

Davam etdiririk doğru yolu biz,
Axı, neyləyirik varı, pulu biz?
Məhəbbət bağından üç oğulu biz –
Qopardıq birlikdə, üzdük birlikdə.

Səni ürəyimdə bəsləyirəm mən,
Bu eşqi gizlədib danmaram, inan!
Xəyalən axtarır, səsləyirəm mən,
Özgə heç kimsəni anmaram, inan.

Hirslənib arxamca deyinmə, gülüm,
Ülvi gözəlliklə öyünmə, gülüm,
Əsli paltarını geyinmə, gülüm,
Kərəm tək alışıb yanmaram, inan.

Soyuq baxışından od alar qəlbim,
Sərindən közərər, od olar qəlbim,
Həsrətdən, hicrandan qovrular qəlbim,
Gündə bir gül üstə qonmaram, inan.

Vardır məhəbbətin boranı, qarı,
İnamla keçmişəm mən bu yolları,
Çıxarma yadından sən bunu barı,
Şaxtada, boranda donmaram, inan.

Birgə sinə gərək hər çətinliyə,
Sevgi dünyasını unudaq niyə?
Yalandan «sevirəm», «aşiqəm» – deyə
Hər hissi məhəbbət sanmaram, inan.

Dünyanı dünyatək görəndə gözüm,
Mən də hamı kimi sevdim, sevildim.
Səni kəşf etdiyim gündən, əzizim,
Həyatın, nəğmənin qədrini bildim.

Uşaqlıq illəri xəyala döndü,
Əl verib gəncliyə – «Xoş gəldin!» – dedim.
Gözümdə bu dünya ala büründü,
Düz seçib yolumu mən büdrəmədim.

Hər sözü, addımı yüz ölçüb-biçdim,
Gözümdə əlçatmaz zirvəyə döndün.
Əhdimə, eşqimə yüz yol and içdim,
Nəğməyə çevrildi ötüşən hər gün.

Düzəltdin səhvimi iradlarınla,
Çağladı bulaqtək sözlər qəlbimdə.
Fəxr etdim eşqinlə, təmiz adınla,
Gül açdı dərələr, düzlər qəlbimdə.

Qəlbimdən keçəni təklif edəndə
Elə bil dünyanı verdilər mənə.
Ömür yollarımız dururdu öndə,
Bir-bir əməl etdim dediklərinə.

Şairəm! – Söyləyib qürrələnmirəm,
İlk şeiri qəlbimə sən yazmısan, sən.
Mənəm, mənəm deyib qürrələnmirəm,
Mən ilham alıram məhəbbətindən.

Bu günkü uğurum dünəndən gəlir,
İlk şeirim yarandı ilk eşqimizlə.
Keçmişə dönürəm, qəlbim kövrəlir,
Çıxırsan qarşıma sən gülər üzlə.

Gülüşün yaradıb nəğməmi hər an,
Vaxt olub bulud tək yaman dolmuşam.
Hər sözə, misraya ortağıq, inan,
Mən səni sevməklə şair olmuşam.

Odur solmaz çiçəyim də, gülüm də,
Adı çoxdan əzbər olub dilimdə.
Ala bilməz onu məndən ölüm də,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Nə məxluqdu, nə insandı, ay Allah,
Nəğmə dedim, dilim yandı, ay Allah,
Yenə könlüm havalandı, ay Allah,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Salır bizi bəzən oda arzular,
Kömək olsun, yetsin dada arzular,
Gerçək olur bu dünyada arzular,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Məni Məcnun edəcəkdir məhəbbət,
Xəbər alır: «Nə deməkdir məhəbbət?»
İlk bahardır, gül-çiçəkdir məhəbbət,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Hər sözündən ilham almaq gözəldir,
Qələm alıb fikrə dalmaq gözəldir,
Qəlbdən sevib, aşiq olmaq gözəldir,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Gülüşünü, baxışını gəl unut,
Səni oda yaxışını gəl unut,
Şimşək kimi çaxışını gəl unut,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Ləyaqətli Azərbaycan sonası,
İlham pərim, üç oğlumun anası,
Qayğılarla bizim üçün yanası,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Əli Vəkil, qismətindir o haqdan,
Saf eşqindir, həsrətindir o haqdan,
Var-dövlətin, sərvətindin o haqdan,
Unutmaram bir an Göyərçinimi,
Sevəcəm hər zaman Göyərçinimi.

Yenə könlüm havalandı, neyləyim,
Nəğmə dedim, dilim yandı, neyləyim,
Eşqin günəş, eşqin dandı, neyləyim?
Gülərüzlü Göyərçinimsən mənim.

Əzəldən halıma yananım oldun,
Sevgilim, mələyim, cananım oldun,
Qəlbimi oxuyub qananım oldun,
Şirinsözlü Göyərçinimsən mənim.

Ləkəsizdir ürəyinin aynası,
Sənsən axı, həyatımın mənası,
Üç qardaşın – üç oğlumun anası,
Qaragözlü Göyərçinimsən mənim.

Məhəbbətin asimandır, asiman,
Ürəyimdə gəzdirirəm hər zaman,
Saf eşqimiz al səhərdir, qızıl dan,
Gözəl, nazlı Göyərçinimsən mənim.

İllər uçdu, indi altmışdır yaşın,
Sədaqət, insanlıq könül sirdaşın,
Dünyanın işidir ağarır başın,
Dadlı, duzlu Göyərçinimsən mənim.

2 yanvar 2002