Adəm övladı

Adəm övladları həyatın barı,
Dünyanın işindən baş açan hanı?
Varmı münəccimi, siz deyin barı?
Onun gərdişindən baş açan hanı?

Adəm övladları, uludu dünya,
Böhtanın qurbanı olanlar çoxdu.
Ömrün keşməkeşli yoludu dünya,
Hələ kainatda yalanlar çoxdu.

Az deyil su qatan bişmiş aşlara,
Hələ şad olan var pislik edəndə.
Səhv etsən dəyəcək başın daşlara,
Susuruq bədxahlar öndə gedəndə.

Görürsən gecikir adəm övladı,
Şər verir hökmünü, iş işdən keçir.
Vaxtında tanıya bilmirik yadı,
Kərəmə xəyanət keşişdən keçir.

Mən də bir vətəndaş, yurdun əsiri,
Yazmaq istəyirəm gördüklərimi.
Yoxdur izah edən axı bu sirri,
Yozmaq istəyirəm gördüklərimi.

Vətəndaş daşıyır iki üzlülər,
Oxumaq çətindir ürəklərini.
Sudan quru çıxır iki sözlülər,
Anlamaq olmayır kələklərini.

Qardaş qardaşına yalan satırsa,
Hansı ədalətdən danışmaq olar?
Qeyrətsizlər arzusuna çatırsa,
Haqdan, ülviyyətdən danışmaq olar?

Birgə yol gedirsə həqiqətlə şər,
Demək müəmmadı, müəmma dünya.
Tez-tez haqsızlıqla üzləşən bəşər,
Kimlərin dostudu bu əmma dünya?

Tərgitməyir paxıllığı insanlar,
Günahsıza quyu qazmaq nə lazım?
Yer üzündə milyardlarla insan var,
Böhtanı, yalanı yazmaq nə lazım?

Aşiqlərin arasını vuranlar
O dünyada gərək cavab versinlər.
Kimlərəsə gizli tələ quranlar
Niyə bizimlə bir ömür sürsünlər?

Hamı üçün bir meyar var – insanlıq,
Biz hamımız bu məktəbin məzunu.
Qəlbimizdə büllurlaşar insanlıq,
Yox dünyanın nə əvvəli, nə sonu.

Yıxılanın əlindən tut, alqışlan,
Ortaq olma bir kimsənin payına.
Köməksizə yaxşılıq et, alış, yan,
Darda yetiş kimsəsizin hayına.

Böl tikəni əgər biri acdırsa,
Bu addımın Allah da xoş gələr.
Hökmdarsan, başındakı tacdırsa –
Adil olsan adına alqış gələr.

Aqillər, ariflər yaşayacaqdır,
Ölənlər qəddarlar, cəlladlar olur.
Müdriklər el dərdi daşıyacaqdır,
Qan tökən, ev yıxan daim xar olur.

Niyə əl çəkməyir bəd niyyətindən,
Bir-birinə pislik edir insanlar?
Həzz alır canavar xasiyyətindən,
Nədən əyri yolla gedir insanlar?

Yaxşılıq, əl tutmaq Əlidən qalıb,
Aqili arxadan vurur bir namərd.
Nə olub, insanda mürvət azalıb?
Harınlayır, tez qudurur bir namərd.

Tənbəllər xor baxır halal zəhmətə,
Asan varlanmağa can atır hər an.
Azdır qiymət verən şeirə, sənətə,
Şairi saymayır bir fərsiz, nadan.

Sarsılırıq Hitler adı gələndə,
Fateh olub, cəllad olub dünyada.
Həzz alıb, qəşş edib qan töküləndə,
Ürəklər var odu qalıb dünyada.

Hərənin bir ömrü, bir Allahı var,
İnsaf, mürvət gərək yaddan çıxmasın.
Nə düşünür Tanrısını dananlar?
Qeyrət, halal çörək yaddan çıxmasın.

Çoxları yaşayır öləndən sonra,
Bir aləm var – əbədiyyət adlanır.
Həyatın qədrini biləndən sonra
Həmişə Vətəni, milləti anır.

Ali şəxsiyyətlər olub tarixdə,
Hörmətlə yad edir bəşər onları.
Çoxu heykəlləşib, qalıb tarixdə,
Hamı lənətləyir qan soranları.

Hamı yer üzündə Tanrı bəndəsi,
Xeyri, şəri görə-görə gəlirik.
İncitməyək, aldatmayaq heç kəsi,
Biz imtahan verə-verə gəlirik.

Gör neçə müqəddəs, günahsız insan
Əl-qol atıb xəyanətin torunda.
Kimlər ki, doymayıb tökülən qandan,
Qaçılmazdı, qismətindi tor onda.

Bəd olub namərdin daim niyyəti,
Min illərdi seyr eləyir yer üzü.
Yaddan çıxarmayaq bu həqiqəti,
Var dünyanın gecəsi və gündüzü.

Var-dövlət ər çirki, kim bilmir bunu,
İnsanlıq borcunu verib yaşa sən.
Qoru insanlığı ömrün uzunu,
Bax beləcə vur mənzili başa sən!

22 yanvar 2003