Adın da gözəldir…

Çiçək tək təzə-tər, zərifsən, gülüm,
Üzünə baxanlar heyran qalırlar.
Lal etdin aşiqi yenə sən, gülüm,
Çiçəklər ətrini səndən alırlar.

Öyünə bilərsən öz eşqinlə sən,
Həyatda gözəllik qismətin olub.
Əhsən qız böyüdən anaya əhsən,
Ən ülvi məhəbbət qismətin olub.

Baxışın mənalı, gözlərin ala,
Ömrün çiçəkli yaz, bahardı, ay qız.
Zaman öz atını çapır dördnala,
İnsanı yaşadan sevgidir yalnız.

Sanki sehirləndim, dolaşdı dilim,
Özün müqəddəssən, eşqin müqəddəs.
Üz tutub hamıya deyirəm, gülüm,
Bu sənin nəğməndir, oxusun hər kəs!

10 iyun 1998