Elə bil dünyanı verirlər mənə,
Sanki sökülür dan, adın gələndə.
Qoşulub Tanrının mələklərinə
Girirsən qapımdan adın gələndə.
Eşqin ürəyimdə yaşar, nə yaxşı,
Dalğalı Xəzərtək coşar, nə yaxşı,
Keçilməz sədləri aşar, nə yaxşı,
Tutursan qolumdan adın gələndə.
Sənin məhəbbətin ülvi, müqəddəs,
Dünyada yerini verəmməz heç kəs,
Gözəllər döşünə döyməsinə əbəs,
Susmaram heç zaman adın gələndə.
Hüsnünə vurğunam, saxla yadında,
Yandım bu sevdanın, yandım odunda,
Qoluma güc gəlir sanki bir anda,
Oluram qəhrəman adın gələndə.
Sən gözəlim, sən bəxtimə düşənim,
Gəzmə məndən gen, bəxtimə düşənim,
Dön evinə, dön bəxtimə düşənim,
Çıxıram sınaqdan adın gələndə.
Sevgiyə hörmət də borumdur mənim,
Düşmənə nifrət də borcumdur mənim,
Dosta sədaqət də borcumdur mənim,
Gül açar bu cahan adın gələndə.
Sənsən iftixarı Əli Vəkilin,
Şöhrəti, vüqarı Əli Vəkilin,
Sevimli dildarı Əli Vəkilin,
Yazır yeni dastan adın gələndə.
23 sentyabr 2001