Ağ göyərçin

Moskva məktəblisi Katya Lıçovaya ithaf edirəm.

Çox sevirsən göyərçini,
Özün də ağ göyərçinsən.
Moskvanın qucağında
Keçir ömrün, günlərin şən.

Göyərçinlər çəkdin, Katya!
Dünyamıza sülh dilədin.
«Günahsız qan tökülməsin
Yer üzündə bir də,» – dedin.

Vaxtsız ölüm, göz yaşları,
İnsanlardan uzaq olsun!
Nə bir körpə yetim qalsın,
Nə bir çiçək vaxtsız solsun!

Salamlaşaq al günəşlə,
Biz kətana günəş çəkək.
Şən yaşasın insan oğlu,
Şöhrət olsun halal əmək!

Kim tanımır Samantanı –
Vaxtsız solan əlvan çiçək!
Uçub gəldi ölkəmizə,
Uçub gəldi göyərçin tək!

Gördü sülhün beşiyidir
Bizim xoşbəxt Vətənimiz.
Gördü xoşbəxt yaşayırsız,
Oxuyursuz ölkəmdə siz.

Qayıdanda öz elinə –
Okeanın o tayına.
Sual verdi yaşıdları,
Sual verdi hər gün ona.

Dönə-dönə söhbət açdı
O qız bizim yurdumuzdan.
Dedi Sovet ölkəsində
Azad ömüur sürür insan.

Vaxt yetişdi uçdun sən də
Samantanın ölkəsinə.
Arzuların qanad açdı,
Alqış dedi dünya sənə.

Baxıb-baxıb göyərçinlər,
Katya, həsəd apardılar.
Bacarsalar sənin ilə
Gedib ora çatardılar.

Sənin ilə birgə uçdu
Neçə arzu, neçə dilək.
Axı getdin Amerikaya
Yurdumuzun elçisi tək.

Aparırdın özün ilə
Xoş hissini milyonların.
İki həftə yad ölkədə
Elçisiydin sən onların.

Hər addımda sən özünü
Sülh elçisi hesab etdin.
Yer üzünün göyərçini,
Sülh adından ora getdin.

O torpaqda yaşıdların:
«Xoş gəlmisən!» – söylədilər.
Səndən çox şey soruşdular,
«Əhsən! Əhsən!» – söylədilər.

Gördün çox şey gizlədilib
Orda sadə insanlardan.
Həqiqəti, ədaləti
Öyrənsinlər axı hardan?

Gördün doğma yurdumuza
Orda ağız büzənləri.
Bizə böhtan atanları,
Nifrət ilə gəzənləri.

Dedin axı bu səfərə
Burda niyə pis baxsınlar?
Yer üzündə bir-birinə
Qardaş olsun qoy insanlar.

Səni aldı öz qoynuna
Vaşinqton – qaynar şəhər.
Orda tədbir görmüşdülər,
Orda görüş keçirdilər.

Sən Uitli məktəğinə
Qonaq getdin inam ilə.
Şagirdlərin qarşısında
Çıxış etdin gülə-gülə.

O torpaqda qarşılandın
Sən «balaca səfir» kimi.
Dedin təmsil eyləyirəm
Öz yurdumu, öz elimi.

San-Fransisko şəhərində
Təkrar etdin dönə-dönə:
«Sülh uğrunda biz birlikdə
Çarpışağın gəlin yenə!»

Alqış dedi on yaşlı qız,
Qucaqladı Star Rou da.
Gülə-gülə çiçək verdi,
Bacı dedi sənə orda.

Qızılgülün dəstəsini
Qəbul etdin gülə-gülə.
Dedin gərək göyərçinlər
Qanadlansın eldən-elə.

Qonaq oldun Çikaqoda,
Xyustonda, Nyu-Yorkda.
Salamladı Los-Anceles,
Deyib-güldün oldun harda.

Sən göyərçin aparmışdın
Moskvadan özün ilə.
Ürəklərə yol açırdın
Söhbətinlə, sözün ilə.

Göyərçinlər bağışladın
Məktəblərdə şagirdlərə.
– Raketlər yox, göyərçinlər
Buraxılsın qoy göylərə.

Göyərçinlər kağızdandı,
Yoldaşların düzəltmişdi.
Gözlərində elə bil ki,
Buludları yarıb keçdi.

Qanadına yazılmışdı:
«Gəlin, dostlar, gəlin bu gün
Sülhü birgə qoruyaq biz,
İnsanların üzü gülsün!»

Ayrılanda söylədin ki,
Ürəyimdə çox sözüm var.
Qoy ölkələr bir-birini
Daha yaxşı tanısınlar.

Ayrılanda kövrəlmişdi
Məktəbli qız Star Rou da.
«Mən çox şadam tanış oldum
Katya ilə bu torpaqda».

Ayrılanda söylədin sən:
«Dostlar, sizin hamınıza,
Hər oğlana, hər bir qıza
Mavi səma, parlaq günəş,
Əbədi sülh diləyirəm!
Sizə alqış söyləyirəm!
Qoy həmişə günəş olsun!
Qoy həmişə anam olsun!!
Qoy həmişə olum mən!»