Ağıllı adamdan qorxma heç zaman

Ağıllı adamdan qorxma heç zaman,
Qorxub ehtiyat et sən dəli dostdan.
Ağıllı olsa da, düşmən düşməndi,
Ehtiyatı əldən verməz mərd insan.

Saqqalı ağarıb, fəqət ağlı yox,
Ağıllı adamın gözü, könlü tox.
Cahil adamlara ağıllı sözü
Alnına tuşlanmış oxdur, ox.

Əcəl gəldi, başağrısı bəhanə,
Çalış ümidini üzmə sən yenə.
Vaxtsız əcəl qapıları döyməsin,
Hamı bel bağlasın gələcəyinə.

Dəmir nəmdən, insan qəmdən çürüyər,
Çəkilməz dərd, lap iliyə yeriyər.
Qəm ürəkdə məskən salsa, inanın,
Dözməz insan, gündən günə əriyər.

Zor qapıdan gəlsə bir gün cahanda,
Haqq bacadan qaçıb gedər bir anda.
Haqla zorun suyu axmaz bir arxdan,
Dözmək olmaz, vallah, Haqq tapdananda.

Aciz adam qorxaq olar dünyada,
Yazıqlaşar, darda qalar dünyada.
Orabura baş vursa da yüzə kərə,
O vaxtından, tez qocalar dünyada.

Hünər olan yerdə dağlar alçalar,
Hünər olan yerdə dağlar əl çalar.
Hünərli insanlar qorxu bilməyir,
Onlar şöhrətlənər, onlar ucalar.

Hər an igidlikdən də vurar qorxaq,
Hünər lazım gəlsə, gen durar qorxaq.
Qorxaqlıq insana yaraşan deyil,
Yalandan özünü ha yorar qorxaq.

Ehtiyat igidin yaraşığıdır,
Şəhidlik şəhidin yaraşığıdır.
Ehtiyatlı olmaq hamıya gərək,
Ehtiyatsız addım sinə dağıdır.

Ev böyüksüz olmaz – deyib atalar,
Ev yıxanın evi tarimar olar.
Evin yaraşığı uşaqdır, uşaq,
Nə yaxşı evlərdə gül balalar var.

9 sentyabr 2002