İlahi, özün şahidsən,
Dərdi çəkmək olmur daha.
Torpaq yadlar tapdağında,
Vallah batmışıq günaha.
Ürəyimdə kədər ümman,
Dostla necə bölüm axı?
Vətən xilas edilməyib,
Necə deyib-gülüm axı?
Yurd əsirdi, qandalları,
Vətən oğlu, qır at indi.
Qoç Koroğlu harda qalıb?
Yəhərlənsin Qırat indi.
Ərənlərim, odlar oğlu,
Vulkana dön, püskür bu gün.
Vallah səni bağışlamaz
Nə Xan Araz, nə Kür bu gün.
Əcdadımdan, babalardan
Yadigardır torpaq bizə.
Onu xilas edəmməsək,
Həyat olar yasaq bizə.
Yox, yox, daha dözəmmirəm,
Dözəmmirəm mən Şuşasız.
Xoş gedərmi bu Allaha,
Qalıbdır Vətən Şuşasız.
Gör haçandan soydaşlarım
Eldən-obadan ayrılıb.
Şuşa qartal yuvasıdır,
Qartal yuvadan ayrılıb.
Könlüm istər Kəlbəcəri,
Laçın, Zəngilən hardadı?
Koroğlunun, Səttarxanın
Nəvələri bəs hardadı
Bizdən ayrı düşən gündən,
İsti suyun istisi yox.
Murov dağın, Dəli dağın
Zirvəsində dumanı çox.
Çağlayan «Ceyran bulağı»,
Ceyranlardan ayrı düşüb.
Yellicəmlə Keyti dağım
Dostdan, yardan ayrı düşüb.
Laçınımın laçınları,
Ağdamın ağ günləri yox.
Qubadlının, Füzulinin
Toyları, düyünləri yox.
Təhvil verdik düşmənlərə
Xankəndini, Ağdərəni.
Mütləq geri almalıyıq
Yadlara oylaq dərəni.
Əldən gedən torpaqlarım
Dönə-dönə yaralanıb.
Tapdaq altda bağ-bostanım
Hey talanıb, uralanıb.
Gözlərim yollarda qalıb
Gedəmmirəm Cəbrayıla.
Allah, qəlbdə üsyan qopart,
Bəlkə bu millət oyana.
Yox, yox belə gedə bilməz,
Bir gün vulkan püskürəcək.
Məğlub olmaz Odlar yurdu,
Azərbaycan püskürəcək!
5 iyun 1993