Ağladı

Qonşu respublikadan silah gücünə qovulmuş 200 min nəfər azərbaycanlı didərginlərə

Dərdli anaların ah-naləsindən
Göylər fikrə daldı, torpaq ağladı.
Namərd basqınından, güllə səsindən
Həyət kədərləndi, otaq ağladı.

El-oba yurdundan pərişan getdi,
Min illər bu yerdə yaşayan getdi,
Hərənin qəlbində bir güman getdi,
Dillər ağı dedi, dodaq ağladı.

Ana bişirdiyi xörək qazanda,
Yada qalmayaydı gərək qazanda,
Haramdı bişirib verək qazanda,
Təndir qəribsədi, tabaq ağldı.

Torpağın qədrini biləydik gərək,
Göyçənin yolunda öləydik gərək,
Dərhal baş götürüb gələydik gərək?
Bu şeiri yazanda varaq ağladı.

Qəddarmış kainat, qansızmış zaman,
Harda görsənibdir belə imtahan?
Ulu əcdadımın ruhuydu yanan,
Qəfil söndürülmüş çıraq ağladı.

Qəm üstə köləndi payızım, yazım,
Qəzəbdən ürəkdə tükəndi sözüm,
Kədərlə çaldığım üçtelli sazım
Verib Ələsgərdən soraq ağladı.

Mən necə səbr edim, mən necə yatım?
Qəfildən saraldı, soldu həyatım.
Qaldı biçilməmiş taxılım, otum,
Kərənti yas tutdu, oraq ağladı.

Ellər xəbər tutsun dərdi-sərimdən,
Qovuldum yurdumdan, doğma yerimdən.
Göyçə mahalımdan, Sarı nərimdən,
Qocadağ, İnəkdağ, Çaldağ ağladı.

Alabaş zəncirdə çox zəngildədi,
Üz tutub göylərə gör nələr dedi,
Bədxaha, qatilə ölüm dilədi,
Ağaclar baş əydi, budaq ağladı.

Uşaq oyuncağı qaldı beşikdə,
Körpəsiz sükuta daldı beşik də,
Hər şey dilə gəldi evdə-eşikdə –
Tavan dilə gəldi, bucaq ağladı.

1990