Ağlama, gözəl

Ay Allah, bu gözəl necə kövrəkdir,
Bir sözdən inciyib ağlaya bilir.
Nə qədər yaş töküb hönkürəcəkdir,
Nəmli gözlərini tək özü silir.

Gözləri çağlayan çeşməyə dönür,
Nə olub, ağlayır bəlkə nahaqdan?
Elə bil üzünə duman, çən enir,
Damlalar süzülüb axır yanaqdan.

Gözəldir gözəlin ağlamağı da,
Sözümlə könlünü ala biləydim.
Baxanda leysanı gətirir yada,
Kaş ki, o gözlərdə qala biləydim!

Ay Allah, bu gözəl necə kövrəkdir,
Bir sözdən inciyib ağlaya bilir.
Nə qədər yaş töküb hönkürəcəkdir?
Nəmli gözlərini tək özü silir.

1 fevral 1991