Ağrın alım

Bu gün bizə gəldiyini kim biləcək, ağrın alım?
Sən silməsən göz yaşımı kim siləcək, ağrın alım?

Qapım taybatay açıqdır, məclisimiz səni gözlər,
Sən də şadlanıb gülməsən, kim güləcək, ağrın alım?

Kim ki, sevsə öz yarını, sadiq qalsa ilqarına,
Ürəklərdə yer tapacaq, seviləcək, ağrın alım.

Sənin nəğmən səslənməsə, şəninə söz deyilməsə,
Yəqin onda qaşqabağın töküləcək, ağrın alım.

Həsrətlə səni gözləyən, əzizləyib can deyən var,
Yaz gülləri yollarına səpiləcək, ağrın alım.

Təmiz eşqin çiçək açır, məhəbbətin örnək olub,
Sən sevdiyin yeni güllər əkiləcək, ağrın alım.

Əli Vəkil, solan deyil sənin bu söz gülüstanın,
Mən verən gül başqasından seçiləcək, ağrın alım!

21 avqust 2002