Alçağı bəyənməz, gözü yüksəkdə

Alçağı bəyənməz, gözü yüksəkdə,
Yer tapa bilməyir düzü yüksəkdə.
Gəl yer ayır yuxarıda sən ona,
Vallah qala bilməz özü yüksəkdə.

And içdim xataya düşdüm düzü mən,
Seçdim doğru yolu, seçdim düzü mən.
Həyatın yolları hamar deyildir,
Sıldırımlı yollar keçdim düzü mən.

Atalar üçəcən deyib, haqdı bu,
Bir, iki səhvin sən, deyib, bu haqdı.
Etdiyin səhvləri üçə çatdırma,
Olmasın yolun çən, deyib bu haqdı.

Ayağını isti, başını sərin,
Canına fikir ver, düşünmə dərin.
Ömrü uzun edər, canı sağ edər,
Ağıllı addımın – bu etdiklərin.

Biz oğru olduq, ay sabaha qaldı,
Oğrunu göydə ay bəlaya saldı?
Tez-tez işlədirik axı bunu biz,
Atalardan qalan yaxşı misaldı.

Bir quş gəlib bir budağa sığınar,
Deyin, kimin o budaqda gözü var?
Borcumuzdur biz quşları qoruyaq,
Onlar yuvasını budaqda qurar.

Nəyə lazım çöldə özünü yormaq?
Olmaz bir gülləylə iki ov vurmaq.
Ov eləmək, güllə atmaq nə lazım,
Nahaqdır dünyada qan tökmək, nahaq.

Mən Təbrizdən az yazıram, az deyirəm,
Məni aparan suya Araz, deyirəm.
Neçə yerə parçalanıb torpağım,
Əli Vəkil, qələm al, yaz, deyirəm.

Biri şalvarını satır acından,
Nisyə verərsənmi, söyləyir alan.
Çörək pulu hardan tapsın, siz deyin,
Satır şalvarını əlacsız qalan.

Mərd olar bostançı bostan göykən,
Bostan yetişəndə getmə ora sən.
Bostanı hədiyyə verən deyil ki,
Tər töküb, əlləşib bostanı əkən.

Oğru dadanıbsa bostana əgər,
Hərlənib-fırlanıb o bir də gələr.
Əlindən dünyada nə gəlir axı?
Gedib oğurluğa olur adətkar.

Əkilən bostanı vər yetişdirər,
Arvadı dünyada ər yetişdirər.
Baş ucaldar yaxşı ərin arvadı,
Arvad da ər oğlu ər yetişdirər.

Nə işi işdir, nə əli boşdur,
İşi iş deyilsə, deməli boşdur.
İş həyatın cövhəridir əzəldən,
Bəs işin yoxdursa, kim deyir boş dur?

Nisyə heç vaxt girməz kisəyə bilin,
Kimsə heç nə verməz nisyə, bilin.
Alverin sirrini bilir tacirlər,
Bacarmırsız? Tez meydandan çəkilin.

Oğruya dağlar da borcludur axı,
Əyri yol oğrunun yoludur axı,
Bəzən də dağlarda gizlənir oğru,
Dünya oğrularla doludur axı.

24 sentyabr 2002