Alçalar, əriklər çiçəkləyəndə…

Hər il xoş qədəmli baharım gəlir,
Bulaqlar çağlayır, çöl-çəmən gülür,
Budaqa yarpaqlar, yasəmən gülür,
Alçalar, əriklər çiçəkləyəndə.

Dəcəl martda sanki dinir daşlar da,
Yuva qurur, cəh-cəh vurur quşlar da,
Novruzla bir gəlir qaranquşlar da,
Alçalar, əriklər çiçəkləyəndə.

Qar əriyir, nəfəs alır təbiət,
Bahar nəğməsini çalır təbiət,
Canlanır, yadında qalır təbiət,
Alçalar, əriklər çiçəkləyəndə.

Yada qalıb indi cənnət Qarabağ,
Köks ötürür ömrü zülmət Qarabağ,
Nifrət edir, bizə nifrət Qarabağ,
Alçalar, əriklər çiçəkləyəndə.

Bahar gəlib, Ağdam, Şuşa yasdadı,
Zəngilanım başdan-başa yasdadı,
Laçınım, Qubadlım qoşa yasdadı,
Alçalar, əriklər çiçəkləyəndə.

Könlümün bağçası boran-qar oldu,
Gen dünya başıma, vallah dar oldu,
Torpaq itiirmişik, mənə ar oldu,
Alçalar, əriklər çiçəkləyəndə.

Gün gələcək, güclü tufan qopacaq,
Tanklar, toplar yenə də dil açacaq,
Yağı düşmən Qarabağdan qaçacaq,
Alçalar, əriklər çiçəkləyəndə.

21 mart 2000